Tovuz RİH başçısı Məmməd Məmmədovun sərhəd kəndi olan Ağdamın sakinləri ilə söhbətlərində kənddə əhval-ruhiyyənin yüksək olduğu, ordu ilə xalqın birliyi ifadə olunmuşdur
2020-ci il iyul ayının 12-dən etibarən Ermənistan tərəfdən düşmənin məkrli hərəkətlərinə baxmayaraq ordumuz qisas əməliyyatı keçirilərək düşmənə layiq olduğu cavabı vermişdir. O həssas günlərdə və indi də rayonda, sərhəd kəndlərində həyat öz axarı ilə davam etməkdədir.
“Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 iyul 2020-ci il tarixli Sərəncamı Tovuzlulara əlavə yeni ruh yüksəkliyi gətirmişdir. Sərəncamın icrası ilə əlaqədar indi rayonda konkret işlər görülməsinə başlanmışdır.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın həmişə olduğu kimi tovuzlulara yüksək diqqət və qayğısı, digər sərhəd kəndləri kimi Ağdam kənd sakinlərini də ruhlandırmışdır.
Tovuz rayon icra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Ağdam kəndinə baş çəkmiş, kəndin ərazisini gəzmiş və sakinlərlə görüşmüşdür. Sakinlərlə söhbətlərdə bütün bu məsələlərdən geniş bəhs olunmuşdur. Eyni zamanda Ağdamlılar döyüşlərin getdiyi həmin o günlərdə və indi onlara və bütün tovuzlulara verilən dəyərə və yüksək qiymətə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Əmin etmişlər ki, daim dövlətin hərtərəfli qayğısı və diqqətinə Vətənə öz sədaqətləri ilə, ordunun arxasında dayanaraq ona mənəvi dəstək vermələri ilə cavab verəcəklər.
Ermənistanla təmas xəttində yerləşən kənddə Ermənistan tərəfdən daim təxribat törədildiyinə görə təhlükəszilik baxımından taxıl biçininə başlamaq mümkün olmurdu. Azərbaycan ordusunun qüdrəti qarşısında öz yuvasına çəkilən düşmənin nisbi sakitliyindən sonra zəmilərə kombayın çıxması mümkün oldu. Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun atası Nəsir Yusifov bu il bol taxıl yetişdirib. Həmin gün şəhid ailəsinin taxılı biçilib və kənddə digər təsərrüfat işlərinin görülməsi ahəngdarlıqla davam edib.