Dövlət qayğısı daim Tovuz rayonunun bütün sahələrini əhatə edir
2020-ci il iyul ayının 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonunda xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə təxribat törədərək yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutaraq hərbi qulluqçularımızı və mülki vətəndaşı şəhid etmişdir.
Düşmənin məkrli təxribatına baxmayaraq Tovuzda ordu ilə xalqın vahid birliyi təmin olunmuş, Ali Baş Komandanın rəhbərliyi ilə qisas əməliyyatı keçirilərək düşmən layiq olduğu cavabı almışdır. O həssas günlərdə və indi də rayonda həyat öz axarı ilə davam etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva digər sərhəd bölgələri kimi Tovuz rayonuna da böyük diqqət və qayğı göstərirlər. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Tovuz rayonunda bu il bir məktəb binası yenidən qurularaq istifadəyə tam hazır vəziyyətə gətirilmişdir və əlavə olaraq bir məktəb binasının tikintisi də sürətlə davam etməkdədir.
İstifadəyə hazır olan məktəb binası rayonun Köhnəqala kəndindəki Şah İsmayıl Xətai adına tam orta məktəbdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən tikilmiş həmin kənd məktəbi öz təminatı ilə fərqlənir. Məktəbdə müasir informasiya-kommunikasiya texnologiyaları əsasında tədrisi təşkil etməyə imkan verən hər cür şərait yaradılmışdır. Müasir inventar və avadanlıqlarla təchiz edilmiş məktəb ən yeni standartlara cavab verir.
Tikintisi sürətlə davam edən Tovuz şəhər Adil Qasımov adına məktəb üçün yeni binanın tikintisinə başlanmasından ötən qısa müddət ərzində orada böyük tikinti-quraşdırma işləri görülmüşdür.
Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov həmin məktəblərdə olaraq işlərin gedişi ilə maraqlanaraq həmin obyektlərin vaxtında istifadəyə verilməsi üçün əlaqədar yerli strukturlara tapşırıqlar vermişdir.