Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda həyat öz axarı ilə davam edir, yetişdirilmiş kartof məhsulu itkisiz toplanır

23 iyul 2020 | 06:40

2020-ci il iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində başlanan hərbi əməliyyatlar zamanı düşmən təxribatının qarşısı alınaraq ona layiq olduğu cəza verilmişdir.

Vətən uğrunda döyüşlər zamanı hərbi qulluqçularımızla yanaşı mülki şəxs də şəhid olmuş, eyni zamanda rayonun infrastruktur obyektlərinə, dövlət mülkiyyətinə və vətəndaşların şəxsi əmlakına ciddi ziyan dəymişdir. Həmin gərgin günlərdə rayonda həyat öz axarı ilə davam etmişdir. İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Tovuzda kənd təsərrüfatı işlərinin görülməsində heç bir fasilə və ləngimə olmamış, adamlar öz gündəlik məşğuliyyətini davam etdirmiş, rayonun yerli hakimiyyət orqanları və əlaqədar strukturları Tovuzda həyatın normal məcrada davam etməsini təmin etmişlər.

Kartofçuluq sahəsində zəngin ənənələrə malik olan Tovuz rayonunda bol və kefiyyətli məhsul yetişdirilir. 2020-ci ilin məhsulu üçün 6749 ha sahədə kartof əkilmişdir ki, bu da əvvəlki ildən 113 ha çoxdur. İkinci çörək olan kartof məhsulu üçün rayon fermerləri mütərəqqi texnologiyalardan istifadə etməklə kənd təsərrüfatının intensiv inkişafına öz töhfələrini verirlər. Hazırda rayonda kartof yığımının qızğın dövrüdür. 

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov kartofçuluqla məşğul olan bir sıra fermer təsərrüfatlarında və ayrı-ayrı kənd təsərrüfatı istehsalçılarının tarlalarında olaraq məhsul yığımı və fermerlərin qarşılaşdıqları problemlərlə maraqlanmışdır.

İcra başçısı kənd təsərrüfatı nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC ilə “Tovuz Aqrosan” MMC-nin toxumçuluq layihəsi ilə də maraqlanmışdır. Məlumat verilmişdir ki, layihənin məqsədi Tovuzu və regionu rayonlaşdırılmış kefiyyətli, məhsuldar kartof toxumları ilə təmin etməkdir. Bunun üçün Hollandiyadan elit toxumlar alınıb gətirilərək çoxaldılır.

Tovuzda iri təsərrüfatla yanaşı digər kənd təsərrüfatı istehsalçıları da kartof yığımını uğurla həyata keçirirlər. Rayonun kartof tarlalarında xüsusi karantin rejiminin tələbləri gözlənilməklə iş ahəngdarlığı mütəşəkilliklə davam edir. Məhsulu toplanmış 300 hektardan artıq kartof sahəsinin hər hektarından 275 sentner məhsul götürülmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 25 sentner çoxdur. Ayrı-ayrı fermerlərin hər hektardan əldə etdiyi nəticə isə 500 sentner və daha yüksəkdir. İlkin nəticələr göstərir ki, rayon üzrə kartof sahələrindən bu il daha yüksək məhsuldarlıq əldə ediləcəkdir.

Keçidlər