Vətən uğrunda qəhrəmanlıq göstərən həmyerlilərimizlə qürür duyuruq
Xəbər verildiyi kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Düşmən hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn hərbi qulluqçular arasında əslən Tovuz rayonunun Cəlilli kəndindən olan gizir Zeynallı İlqar Ayaz oğlu da vardır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən igid həmyerlimiz İlqar Zeynallı doğulduğu Cəlilli kəndində torpağa tapşırılmışdır.
14 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam, Vahidli, Dondar Quşçu, Əlibəyli, Hacıalılı, Yuxarı Öysüzlü kəndlərində dinc əhali ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulmuş, mülki şəxs Ağdam kənd sakini Əzizov Əziz İzzət oğlunun fərdi yaşayış evinin həyətinə top mərmisi düşməsi nəticəsində həlak olmuşdur.
Düşmən tərəfindən atəşə məruz qalmış kəndlərdə vətəndaşların evlərinə, kəndli təsərrüfatlarına və sosial infrastruktura xeyli ziyan dəymişdir.
Şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin!