Cənab Prezident İlham Əliyevdən növbəti xəbərdarlıq: Heç kim qanundan üstün deyil!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 iyul 2020-ci ildə Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibədə bir daha bəyan etmişdir ki, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır.
Cənab prezident demişdir: “Heç kim qanundan üstün deyil, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır”.
Təkcə Azərbaycan ictimaiyyətəinə deyil bütün dünyaya və Azərbaycanda marağı olan qüvvələrə önəmli mesajlarla zəngin olan həmin geniş müsahibədə bildirilmişdir ki, COVİD-19-un artmasını nəzərə alaraq dövlət lazımi tədbirlərə davam edir. 800 çarpayılıq xəstəxana istifadəyə verildi. 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək.
Modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Daha beş modul tipli xəstəxana inşa olunacaq. Yəni, biz koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmalıyıq.
Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib.
Xəstəliyə yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil.
Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq.
Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq davam edir, ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Əməkdaşlığımız, məsləhətləşmələrimiz bundan sonra da davam edəcək.
İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihəni təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir.
Bu dövrdə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq.
Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik.
Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik.