Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Baş Nazirin tapşırıqlarının icrası ilə bağlı videomüşavirə keçirilmişdir

03 iyul 2020 | 11:21

Məlum olduğu kimi, 01 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Naziri cənab Əli Əsədovun rəhbərliyi ilə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlərlə bağlı geniş formatda videomüşavirə keçirilmişdir.

Videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülməsi vacib olan bir sıra işlərlə bağlı tapşırıqlar verib.

Həmin tapşırıqların icrasının təmin edilməsi məqsədilə Tovuz RİH başçısı yanında fəaliyyət göstərən qərargahın təşəbbüsü ilə rayonun hüquq mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli icra nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib.

Videokonfransda Tovuz RİH başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən zəruri tədbirlərdən danışıb və bu məsələnin daim dövlət başçısı cənab İlham Əliyevin diqqətində olduğunu vurğulayıb.

Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimi qaydalarını və yerlərdə bu qaydalara riayət olunması ilə əlaqədar görülən işlərin davam etdirilməsinin ciddiliyini diqqətə çatdıran R.Zeynalov videomüşavirədə iştirak edən bütün vəzifəli şəxslərin üzərinə düşən məsuliyyəti bir daha onlara xatırladıb.

Videomüşavirə geniş dialoq və fikir mübadiləsi şəraitində davam edib. Qərargah üzvləri rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov, rayon prokuroru Elçin Qəhrəmanov, DTX Tovuz rayon şöbəsinin rəisi Sadiq Vəliyev, videomüşavirəyə qoşulan dövlət yanğından mühafizə idarəsinin rəisi Nürəddin Əsədov və başqaları çıxış edərək yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərin daha da cidiləşdirilməsinin, yerlərdə kütləvi tədbirlərin qarşısının qətiyyətlə alınmasının vacibliyini, əhali arasında maarifləndirici tədbirlərin davam etdirilməsini qeyd etmişlər.

Sonda R.Zeynalov Tovuz rayonunda pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində Baş Nazirin verdiyi tapşırıqların icrası ilə bağlı tələbləri diqqətə çatdırmışdır.

Keçidlər