Koreya Respublikasının Azərbaycandakı səfiri Tovuz rayonunda olmuşdur
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn və bu ölkənin “SECURO” şirkətinin prezidenti Kim Chun-Ho mayın 17-də Tovuz rayonunda olmuşlar.
Koreyalı qonaqlarla Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bölgənin iqtisadiyyatı haqqında geniş məlumat vermişdir.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva səfirə onun təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərində bu il ali hərbi məktəblərə daxil olmağa hazırlaşan 30 gəncə “SECURO” şirkətinin prezidenti tərəfindən 30 noutbukun hədiyyə olunmasına görə öz təşəkkürünü bildirmişdir.
Sonra noutbuklar şagirdlərə hədiyyə edilmişdir.
Koreya Respublikasının ölkəmizdəki səfirinə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov tərəfindən Azərbaycanın qədim musiqi aləti olan saz bağışlanmışdır.
Koreyalı qonaqlar rayonun Ermənistan ilə sərhəddə yerləşən Ağdam kəndində olmuşlar. Kənd sakinləri qonaqlara məlumat vermişlər ki, Ermənistan ilə Azərbaycan arasında 20 il bundan əvvəl atəşkəs elan olunsa da demək olar ki, hər gün ermənilər tərəfindən atəşkəs pozulur, dinc sakinlər atəşə məruz qalırlar. Ermənistan tərəfindən mütəmadi olaraq atəşkəs rejimi pozulması səbəbindən sakinlər vəfat edən yaxınlarını Ağdam kəndinin təcavüzkar dövlətlə sərhəddə yerləşən qəbiristanlığında dəfn edə bilmir, həmçinin dünyasını dəyişmiş doğmalarının məzarlarını ziyarət etməkdən məhrumdurlar. Ona görə də sakinlər məcburiyyət qarşısında qalaraq kəndin çıxacağında yeni qəbiristanlıq salmışlar.
Səfir isə öz növbəsində bildirmişdir ki, Koreya Respublikası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
Sonra qonaqlar Tovuz şəhərindəki Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini ehtiramla anmışlar.
Tovuz “Qala” kompleksində olan qonaqlara məlumat verilmişdir ki, 1828-ci ilədək Azərbaycanın ərazisi 168,2 min kvadrat kilometr olmuşdur. Azərbaycan torpaqlarının sonralar mütəmadi olaraq təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalması səbəbindən ərazilərimiz demək olar ki, yarıbayarı azalmışdır.
Sonra koreyalı qonaqlar rayon ərazisində ilk yaşayış məskəni olan “Göytəpə”də olmuşlar. Məlumat verilmişdir ki, qədim “Göytəpə” arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür.