Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan torpaqları işğaldan azad ediləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mingəçevir şəhərində “N” saylı hərbi hissənin açılışındakı parlaq nitqi bütün xalqımız kimi Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə də çox böyük ruh yüksəkliyi və qələbə əzmi bəxş etmişdir. Həmin nitqin əsas tezisləri ilə tanışlıq onu qəti deməyə əsas verir ki, cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir.
Müdafiə Sənayesi Nazirliyi hərbi təlabatın mühüm hissəsini istehsal edir. Cənab Prezidentin sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Azərbaycan Ordusunda aparılan ideoloji işə və şəxsi heyət üzvlərinin hərbi vətənpərvərlik məsələlərinə böyük diqqət yetirilməlidir. Cənab Prezident nitqində qeyd etmişdir ki, hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Gənclərimiz bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi.
Cənab Prezident İlham Əliyev Mingəçevir şəhərində “N” saylı hərbi hissənin açılışındakı nitqində bir daha bildirmişdir ki, Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi.
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.
Ordunun döyüş qabiliyyətinin artırılması şərtdir. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir.
Münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.