Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır
Müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşının güvəndiyi və qürur mənbəyi olan Azərbaycan Ordusu, fəxr edirik ki, dünyanın 50 ən güclü ordu sırasındadır. Azərbaycan Ordusu bu səviyyəyə yalnız böyük Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində gəlib çatmışdır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyi yaransa da, bu qurumun təyinatı üzrə fəaliyyəti, xalqın mənafeyinə xidmət etməsi yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni mərhələ başlayıb, hələ 1971-ci ildə ümummilli liderin tarixi xidməti nəticəsində yaranmış C.Naxçıvanski adına Hərbi Liseyin məzunu olan zabit kadrları peşəkar ordu quruculuğuna cəlb edilib, ordunun əsasını təşkil etməyə başlayıb, ali hərbi məktəblər yenidən formalaşdırılıb, yeniləri yaradılıb.
2016-cı ilin Aprel zəfəri və 2018-ci ilin mayında Naxçıvanda Günnüt əməliyyatı Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib.
26 iyun Azərbaycan Silahlı Qüvvəlləri Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mingəçevir şəhərində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində qeyd olunmuşdur ki, Prezidentin fəaliyyətində ordu quruculuğu birinci yerdədir.
Ökəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir.
Cənab Prezidentin qayğısı ilə ordu quruculuğu sahəsində çox böyük işlər görülüb və xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.
Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsidq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır.
Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir.
Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın sosial-iqtisadi tərəqqisi, iqtisadi qüdrəti, ölkəmizdəki çox sağlam investisiya mühiti beynəlxalq nüfuzlu qurumlar tərəfindən dəfələrlə reytinq cədvəllərində ən nüfuzlu yerdə qərarlaşıb. Hər şeyi öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı. Strateji obyektlər ən yüksək səviyyədə qorunur. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun.