Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür

26 iyun 2020 | 16:00

XIX əsr və XX əsrin əvvəllərində - Azərbaycan Çar Rusiyasının tərkibində olduğu dövrdə sıravi müsəlmanlar orduya cəlb edilmirdilər. Yalnız zadəgan nəslinin nümayəndələri orduda xidmət etmək və hərbi təhsil almaq hüququna malik idilər. Çar Rusiyası dövründə Azərbaycan xalqının bir çox görkəmli hərbi xadimləri yetişib. General Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski, general Fərəc bəy Ağayev, general Ehsan xan Naxçıvanski və digərləri məhz belələrindəndir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra onun ilk işlərindən biri ordu quruculuğu olub. İyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 5000 nəfər şəxsi heyəti olan ilk nizami ordusu – Əlahiddə Azərbaycan Korpusu təşkil edilib. Qısa müddətdə Milli Ordu hissələrinin Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə formalaşdırılması Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edərək milli dövlətçiliyin qorunmasında, sərhədlərin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Birinci Dünya müharibəsinin nəticələrinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda Nazirlər Şurasının 1918-ci il noyabrın 1-də verdiyi qərarla ordu quruculuğuna rəhbərlik Azərbaycan hökumətinin əlində cəmləşib. Həmin il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilib. Onlar qısa müddətdə ordu quruculuğunda böyük işlər görüblər. 1919-cu il martında Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təntənəli hərbi paradı təşkil edilib.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib və Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyinə daxil olan 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələnib.

Azərbaycanlılar hətta müstəqil olmadığı dövrlərdə də hərbi peşəyə yiyələnməyə çalışıblar. İkinci Dünya müharibəsi zamanı Azərbaycanın növbəti böyük hərbçilər, zabitlər, generalar korpusu formalaşıb. İsaril Məmmədov, Qafur Məmmədov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə kimi Sovet İttifaqı Qəhrəmanları faşizmə qarşı mübarizədə böyük igidliklər göstəriblər. General Həzi Aslanov, general Akim Abbasov, general Mahmud Əbilov, general Tərlan Əliyarbəyov və bir çox başa generallar məhz bu dövrdə adlarını tarixə yazıblar.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyi yaransa da, bu qurumun təyinatı üzrə fəaliyyəti, xalqın mənafeyinə xidmət etməsi yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni mərhələ başlayıb, hələ 1971-ci ildə ümummilli liderin tarixi xidməti nəticəsində yaranmış C.Naxçıvanski adına Hərbi Liseyin məzunu olan zabit kadrları peşəkar ordu quruculuğuna cəlb edilib, ordunun əsasını təşkil etməyə başlayıb, ali hərbi məktəblər yenidən formalaşdırılıb, yeniləri yaradılıb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun şərəfli tarixinə yüksək qiymət verib və bu tarixdən bəhrələnməyin vacibliyinə toxunub, məhz onun 1998-ci il mayın 22-də imzaladığı Sərəncamla iyunun 26-sı – Əlahiddə Azərbaycan korpusunun yaranma günü Azərbaycan Silahlı Qüvvələri Günü elan edilib.

Qürurlu tarixə malik Azərbaycan Ordusu bu gün özünün ən şanlı mərhələsini yaşayır. 2008-ci, 2011-ci, 2013-cü və 2018-ci illərdə keçirilmiş hərbi paradlar Azərbaycan Ordusunun qüdrətini əyani nümayiş etdirib.

2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi qələbə Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib.

2018-ci ilin mayında Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad olunub.

2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilib. Paradda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bildirərək deyib: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri istər ən müasir silah növləri və texniki vasitələrlə təchizat, istərsə də nizam-intizam və döyüş qabiliyyəti səviyyəsinə görə yüksək peşəkarlıq meyarlarına tam cavab verən ordular sırasına daxil olub və qarşıya qoyulmuş istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir.

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə hər birinizi təbrik edirik!

Keçidlər