23 iyun dövlət qulluqçularının peşə bayramı günüdür
Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ümummilli liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir.
Müstəqil və dünyəvi dövlət olan Azərbaycan Respublikasında cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin həyata keçirilməsində dövlət qulluqçularının da üzərinə çox böyük vəzifələr düşür. Həmin kateqoriyaya daxil olan işçilər qanunla onlar üzərinə qoyulmuş vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının qarşısında çox yüksək vəzifə qoyaraq bəyan etmişdir: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Ölkə başçısının imzası ilə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmış, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi bunun bariz ifadəsidir.