Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərgindir

20 iyun 2020 | 04:05

Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir.

Erməni mətbuatı N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də «Çiçəklənən Ermənistan» Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir.

N.Paşinyanın müxalifətin və «Çiçəklənən Ermənistan» Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda «Çiçəklənən Ermənistan» Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı.

14 iyunda Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirib.

N.Paşinyanın həmləsinə Çarukyanın cavabı gecikmədi, «Çiçəklənən Ermənistan» Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirib. Mətbuat qeyd edir ki, bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb.

15 iyunda Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub.

15 iyunda Baş Prokuror parlamentə müraciət edərək «Çiçəklənən Ermənistan» Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. «Çiçəklənən Ermənistan» və İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etməyib. Beləliklə, Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırıldı.

N.Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər.

Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur.

Çarukyanın tərəfdarları 17 iyunda Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib.

Keçidlər