Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanla bağlı Qərbin ikili standartları

19 iyun 2020 | 16:00

17 iyunda Ermənistanda parlamentin önündə etiraz aksiyası keçirilməsinə cəhd zamanı onun qarşısı kobudluqla alınaraq yüzlərlə adam saxlanılaraq jurnalistlərə qarşı da güc tətbiq edilib.

Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi?

Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”.

Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.

Keçidlər