Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərləri qardaşlaşmışlar.

11 may 2014 | 15:00

Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Tovuz və Fransanın Konyak şəhərlərinin qardaşlaşması haqqında protokol imzalanmışdır.
Protokolu Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və Konyak şəhərinin meri Mişel Qourinças imzalamışlar.
İmzalanma mərasimindən sonra hər iki tərəf bir-birinə qarşılıqlı olaraq hədiyyələr təqdim etmişdir.
Konyak şəhərinin merinə Azərbaycanın qədim milli musiqi aləti olan saz bağışlanmışdır.
Mərasimin sonunda mətbuat üçün açıqlama verilmişdir.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov vaxtilə rayonda 12 min hektar üzüm bağlarından 125 min tondan artıq üzüm toplanaraq 14 şərab zavodunda ilkin emal olunduğunu fransalı qonağın diqqətinə çatdırmışdır. Bildirmişdir ki, keçmiş Sovet İttifaqının dağılması ərəfəsində yürüdülən səhv siyasət nəticəsində həmin üzüm bağları və emal müəssisələri sıradan çıxmışdır.
Qeyd edilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ölkəmizdə torpaq islahat aparıldıqdan sonra rayonda üzümçülüyün inkişafına başlanmışdır. Artıq rayonda 600 hektardan artıq üzüm bağı mövcuddur. Tovuzda peşəkar üzümçülər də çoxdur. Bu sahədə Konyak şəhəri ilə əməkdaşlığımızı genişləndirəcəyik. Çalışacağıq ki, hər iki tərəf bu əməkdaşlıqdan bəhrələnsin.
Konyak şəhərinin meri isə öz növbəsində bildirmişdir ki, bizim “brend” markası altında Avropanın bir neçə ölkəsində konyak məhsulları istehsal olunur.
Konyak şəhəri ABŞ-ın Texas ştatının Denison, Almaniyanın Konisvinter, İspaniyanın Valdepenas və Böyük Britaniyanın Pert şəhərləri ilə qardaşlaşmışdır. Biz əminik ki, Tovuz şəhəri ilə qardaşlaşma xalqlarımızın daha da yaxınlaşmasına yardımçı olacaqdır.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.
Mərasimdə Konyak şəhərinin merinin birinci müavini Patrik Sedlaçek, merin və onun müavinin xanımları da iştirak etmişlər.
Qonaqlar Tovuz şəhərinin tarixi abidələri ilə tanış olmuş, sahibkar Əhməd Muradovun fermer təsərrüfatına və “Tovuz Baltiya” şirkətinə baş çəkmişlər.

 

 

Keçidlər