17 iyun tibb işçilərinin peşə bayramı günüdür
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu ilki tibb işçiləri günü XXI əsrin 20-ci ilində qanlı-qadalı koronavirusla mübarizə dövrünə təsadüf etmişdir. COVID-19 pandemiyası ilə ölüm-qalım məsələsində ölkəmizdə bütün insanların köməyinə çatan, ilk növbədə, Azərbaycan Prezidentinin uzaqgörən siyasətinə əsaslanan qabaqlayıcı tədbirlər, digər tərəfdən də Hippokrat andına sadiq qalan həkimlər olmuşdur.
Xalqımızın COVID-19 pandemiyası ilə üzləşdiyi belə çətin bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı, yəni öndə ölkəmizin tibb işçiləri olmaqla problemə strateji baxışı və hamını bu mübarizədə bir olmağa, həmrəyliyə çağırışı öz bəhrəsini verməkdədir. Koronavirus infeksiyasının respublikamızda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Bu fondun xətti ilə pandemiyanın qarşısının alınması və tibb işçilərinin fəaliyyətinin gücləndirilməsi ön plana çəkilmişdir. Xatırladaq ki, bu qəbildən olan fond dünyada ilk dəfə məhz Azərbaycanda təsis edilmişdir. Fond fəaliyyətə başladığı günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva birillik əməkhaqqı məbləğlərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişlər.
Koronavirusa qarşı çalışan tibb işçilərinin əməyini yüksək dəyərləndirən ölkə Prezidenti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri çərçivəsində insanların sağlamlığının qorunması və koronavirus infeksiyasının qarşısının alınması istiqamətində çox böyük işlər görülmüşdür. Paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışı olmuşdur. Bununla da ölkəmizdə modul tipli xəstəxanaların sayı 4-ə çatdırılmışdır. Azərbaycan Prezidentinin tapşırığına əsasən, respublikamızda bu tipli xəstəxanaların sayının qısa müddətdə 10-a çatdırılması nəzərdə tutulmuşdur.
İyunun 9-da Saray qəsəbəsində modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyev demişdir: "Mən bir daha həkimlərin fəaliyyətini qiymətləndirmək istəyirəm. Mən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu dövrdə gördük ki, həkimlər içdikləri Hippokrat andına sadiqdirlər, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxmalar da var və onlar öz həyatlarını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə ölkəmizin, şəhərimizin yeni simvollarından biri olan Alov qüllələrində məşhur şüar əks olunmuşdur: "Azərbaycan həkimlərinə eşq olsun!”
Hörmətli tibb işçiləri, peşə bayramınız mübarək!