15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü
Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə elan etsə də, hakimiyyətin səriştəsizliyi nəticəsində yaranmış siyasi böhran, daxili və xarici pozucu qüvvələrin dövlətin əsaslarının sarsıdılmasına yönəlmiş məqsədyönlü fəaliyyəti, ayrı-ayrı bölgələrdə separatçılıq meyillərinin baş qaldırması, ağır sosial-iqtisadi vəziyyət ölkəni real vətəndaş qarşıdurması və öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Mövcud şəraitdə Ermənistanın təcavüzü və torpaqların işğalı respublikada vəziyyəti daha da gərginləşdirmişdir.
Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyev xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı alınıb və əsas döqqət dövlət quruculuğu məsələlərinə yönəlibdir. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Ermənistanla atəşkəsə nail olunması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, demokratik sistemin və liberal iqtisadiyyatın formalaşdırılması, milli ordu quruculuğu və təhlükəsizliyin təmin olunması, yeni neft strategiyasının reallaşdırılması, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Heydər Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil edir.
1995-ci ildən başlayaraq cəmiyyət həyatınıın bütün sahələrində köklü islahatların həyata keçirilməsinə başlanılıb, Azərbaycanın yeni Konstitusiyası qəbul olunub, çoxpartiyalı siyasi sistem formalaşdırılıb, siyasi plüralizm cəmiyyətin normasına çevrilib, söz və mətbuat azadlığı təmin edilib. Paralel olaraq bazar iqtisadiyyatı quruculuğu məqsədilə mühüm addımlar atılıb, dünyanın aparıcı şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının istismarına cəlb edilib, neftin dünya bazarlarına çıxarılması üçün marşurutlar müəyyənləşdirilib və qısa müddətdə Azərbaycanın inkişafını təmin edəcək resurslar əldə olunub.
Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilməsi, ölkəmizin maddi, mənəvi və intellektual dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması, milli təhlükəsizlik və inkişafın əsas aspektlərinin nəzərə almaqla, həm regionda, həm də dünyada Azərbaycan dövlətinin maraqlarının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirib.
Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrildiyi mərhələdir. Məhz bu 10 ildə Azərbaycan Respublikasının milli inkişaf strategiyası reallaşdırılıb, xalqımız nadir tarixi fürsətdən maksimum faydalanıb, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz edib.