Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günüdür

13 iyun 2020 | 16:00

Hər il respublikamızda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir.

Tale elə gətirdi ki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyin qorunması və möhkəmləndirilməsi kimi müstəsna əhəmiyyət daşıyan missiya da hələ Sovet dönəmində respublikamızın gələcək inkişafı üçün fundamental əsaslar yaradan Ulu Öndərin üzərinə düşdü. Heydər Əliyev xilaskarlıq missiyasına Naxçıvandan başladı.

1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda böyük mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdu. Zaman Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Referendumdan cəmi bir neçə ay sonra-avqustun 19-da keçmiş SSRİ-də “QKÇP” adını alan dövlət çevrilişinə cəhd oldu. Bundan sonra hadisələr dönməz xarakter aldı, keçmiş ittifaq, onunla bərabər də kommunist partiyası dağıldı.

Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində fəaliyyəti yalnız bunlarla məhdudlaşmadı. O, eyni zamanda, ölkəmizdə xilaskarlıq missiyasını yerinə yetirdi. Dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir. Azərbaycan da keçmiş ittifaq məkanında gedən məlum proseslər nəticəsində 1991-ci ildə XX əsrdə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci il may ayının 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşnalıq, xaos, hərc-mərclik, vəzifə sahiblərinin ambisiyaları o dövrü xarakterizə edən əsas cəhətlər idi.

Xalq ölkədə tüğyan edən hərc-mərclikdən, AXC-Müsavat iqtidarının yarıtmaz siyasətindən, yumşaq desək, cana doymuşdu. Xalqımızın sağlam qüvvələri və ziyalılar Heydər Əliyevə müraciət edərək Onu xalqımızı düçar ola biləcəyi bəlalardan xilas etməyə çağırdılar. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu Öndər mövcud reallıqları dərindən təhlil edərək bu partiyanın yaradılmasına razılıq verdi. Lakin ozamankı hakimiyyət nümayəndələri partiyanın təsis konfransını Bakıda keçirməyə imkan vermədilər və konfrans Naxçıvanda baş tutdu. Beləliklə, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni dövrün başlanğıcı qoyuldu.

Ulu Öndər Heydər Əliyev Ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, iyunun 9-da Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Xalqın böyük etimadı əsasında Ulu Öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, cəbhədə atəşkəsə nail olundu, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etməyə başladı. Ümummilli Lider iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın Xəzər dənizi hövzəsində malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayırdı. 1994-cü il sentyabr ayının 20-də dünyanın 8 aparıcı ölkələsinin 13 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını almış möhtəşəm layihə imzalandı. Bununla da Ulu Öndər Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu.

Ümummilli Liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması tarixi hadisə idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.

Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu,dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.

Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ümumiyyətlə, ölkəmizin hər birimizdə qürur doğuran reallıqları ilk növbədə siyasi varisliyin təmin edilməsi ilə bağlıdır. Biz ayrı-ayrı ölkələrin timsalında siyasi kursun vaxtaşırı dəyişməsinin fəsadlarını dəfələrlə müşahidə etmişik - belə hallar anarxiyaya, iqtisadi tənəzzülə, sosial vəziyyətin ağırlaşmasına və bu kimi digər mənfi meyillərə yol aça bilir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs son 16 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, Onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq. Son 16 ilin təcrübəsi, qazanılan uğurlar onu təsdiqləyir ki, dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu zamanın dəyişən tələblərinə uyğun daha da zənginləşdirərək inamla davam etdirir.

Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb. Qlobal reytinq agentlikləri, o cümlədən Davos İqtisadi Forumu, Dünya Bankı milli iqtisadiyyatımızın durumu və perspektivləri ilə bağlı müsbət rəylər ifadə ediblər. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Hazırda respublikamız Türk Şurasına, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına inamla sədrlik edir ki, bu da ölkəmizə beynəlxalq miqyasda böyük inam bəslənildiyinin təsdiqidir. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib. Zəruri infrastrukturun yaradılması sayəsində Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində strateji məntəqə kimi rolu əhəmiyyətli dərəcədə artıb.

Bütövlükdə, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

Keçidlər