Tovuzda 2020-ci ilin məhsulu üçün tütün qurutma məntəqəsi istifadə veriləcək
Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nda Tovuz rayonunda tütün qurutma məntəqəsinin yaradılması nəzərdə tutulmuşdur.
2020-ci ildə rayonda 50 ha sahədə tütün əkilmişdir və hazırda tütün plantasiyalarında becərmə işləri davam etdirilir. Yetişdirilmiş tütün məhsulu rayonda qurudularaq tütün fermentasiya fabriklərinə göndəriləcəkdir.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tütün plantasiyalarında olaraq becərmə işlərinin gedişi və həyata keçirilən aqrotexniki tədbirlərlə tanış olmuşdur.
Tarixən tütünçülük sahəsində zəngin ənənələri və təcrübəsi olan Tovuzda yığılan yaş tütün yarpağı əvvələr digər bölgələrə aparılıb təhvil verilir, nəqliyyat xərcləri çox olduğundan iqtisadi səmərəsi az olurdu. İndi yaş tütün yarpağı bilavasitə yerlərdə təhvil götürüləcək və rayonda “Tovuz Aqro Sənaye” MMC-nin nəzdində yaradılacaq tütün qurutma məntəqəsində yarımfabrikat şəklinə salınacaqdır.
Hazırda 2020-ci ilin məhsulu üçün tütün qurutma məntəqəsinin tikintisi sürətlə davam edir. Rayon İcra Hakimiyyətinin başçısı həmin müəssisədə olaraq işlərin gedişi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, tam avtomatlaşdırılmış həmin məntəqə üçün 10 ədəd termopilin avadanlığı Serbiya Respublikasından alınıb gətirilmişdir. Müəssisə işə düşdükdən sonra 30 nəfər daimi işlə təmin olunacaqdır.
Gələn mövsümdən Tovuzla yanaşı ətraf bölgələrin fermerlərinin ehtiyaclarını da qarşılamaq üçün 2021-ci ildə avadanlıqlarının sayını 50-yə çatdırmaq nəzərdə tutulur.