Tovuz Rayon İcra Hakimiyyətinin başçısı rayonun suvarılan torpaqlarını su ilə təmin edən əsas mənbələrdə olmuşdur
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun suvarılan torpaqlarını su ilə təmin edən əsas mənbələrdə olaraq işlərin gedişi ilə maraqlanmışdır. İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən rayonun əkin sahələrinin su ilə təmin edilməsində Kür çayı üzərində quraşdırılmış üç pilləli nasos stansiyası mühüm rol oynayır. Bu böyük qurğuda suvuran mator və aqreqatların fasiləsiz işləməsi məqsədilə RİH başçısı M.Məmmədov rayonunun müvafiq yerli qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Ağstafa Sağ Sahil su kanalının rayondan keçən hissəsində və Tovuzçay su anbarında olarkən rayon rəhbəri kənd təsərrüfatı istehsalı ilə məşğul olan istehsalçıları və sahibkarları fasiləsiz əkin suyu ilə təmin etmək üçün əlavə tədbirlər görülməsini tapşırmışdır.
Rayonun su təsərrüfatı idarələri və sudan istifadə edənlər birlikləri su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadə edilməsinə nail olmalı və əkinlərin gecə suvarılmasını təşkil etməlidirlər. Eyni zamanda su ilə təminata dair müraciətlərin operativ şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi barədə əlaqədar struktur bölmələrə və məsul şəxslərə tapşırıqlar verilmişdir.