Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Evdə qal, təhsildən qalma” çağırışına uyğun olaraq “Virtual məktəb”in imkanlarından geniş istifadə olunur

19 may 2020 | 07:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. 1 may 2020-ci il tarixli sərəncama əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Bunu nəzərə alan Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının əvvəlindən "Virtual məktəb” layihəsinə start verib. Tovuzda da müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” şüarı altında onlayn dərslərə start verilib. Rayonun bütün məktəblərində informasiya kommunikasiya texnologiyalarının imkan verdiyi şəraitdə onlayn dərslər keçirilməsi təşkil olunmuşdur.

Rayonda fənn müəllimləri dərs keçdikləri siniflərin şagirdləri ilə WhatsAppla qruplar yaradaraq görüntülü dərslər keçirlər. Tovuz şəhərinin N.Tusi adına məktəb-liseyi, M.Ələkbərov adına tam orta məktəb, A.Qasımov adına tam orta məktəb, Qovlar şəhər S.Kazımov adına tam orta məktəb və Düz Qırıqlı 1 saylı  kənd tam orta məktəbin müəllimləri məktəb şagirdlərinin 75-80% -ni əhatə etmişdir. Rayonun digər şəhər və şəhərətrafı məktəblərində 55-60% şagirdlər görüntülü dərslərə cəlb olunmuşdur.

Tovuz rayonunun təhsil işçiləri və valideyinlər ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində vaxtında görülən qabaqlayıcı tədbirlərə və əldə edilən uğurlu nəticələrə görə, eyni zamanda şagirdlərin təhsildən qalmamaları üçün Azərbaycanda yaradılan şəraitə görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını  bildiriblər.

Keçidlər