Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab İlham Əliyevin qətiyyəti ilə həyata keçirilən tədbirlər Azərbaycan xalqına xidmət edir

12 may 2020 | 16:00

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. 

Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela,  Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etmişlər. Habelə, BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru videokonfransda çıxış etmişlər. Eləcə də, BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi/vitse-prezidentinin videomüraciətləri səsləndirilmişdir.

Təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.

Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.

Təsadüfi deyil ki, BMT-nin Baş katibi çıxışı video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulamışdır.

Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir. Artıq Türk Şurası çərçivəsində 3 istiqamət üzrə - səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq mövcuddur.

Türk Şurasının Zirvə Görüşündə çıxış zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.

Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur.

Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur.

Biz dövlətimizin Liderinin bu parlaq qələbəsindən və dünyada qazandığı böyük nüfuzdan sonsuz qürür hissi keçirərək onunla fəxr edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəşəri bəlaya çevrilmiş pandemiyaya qarşı apardığı mübarizə dünyanın diqqətini cəlb etmişdir. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığı bir dövrdə dövlətə, Vətənə xəyanət kimi qiymətləndirilən xoşagəlməz hallara təsadüf olunur. Cənab Prezidentin qətiyyəti və siyasi iradəsi nəticəsində keçmiş dövrlərdən miras qalan və cəmiyyətimizi zəhərləyən koorupsiyaya, rüşvətxorluğa və məmur özbaşınalığına qarşı çox ciddi mübarizə aparılır. Eyni zamanda dövlət rəhbərimizin mərkəzi və yerli icra hakimiyyəti orqanında apardığı struktur islahatlarının, onların qarşısında qoyduğu yeni tələblərin məqsədi dövlət müstəqilliyimizi daha da möhkəmləndirmək və vətəndaş məmnunluğunu artırmaqdır. Biz yaxşı bilirik ki, öz Prezidentinə güvənən və onun siyasətini dəstəkləyən Azərbaycan vətəndaşları əmindilər ki, dövlət başçısının qanunverici, icraedici və məhkəmə hakimiyyəti, habelə maliyyə sistemində apardığı islahatlar dövlət idarəetməsinin səmərəliliyini artıraraq ilk növbədə vətəndaşların maraqlarına xidmət edir. Davamlı şəkildə həyata keçirilən bu islahatlar ölkənin sürəkli və dayanıqlı inkişafına yeni zəmin yaradacaqdır. Bütün xalqımız kimi tovuzluların da belə bir məmnunluğunu ifadə edirik ki,  bu islahatlar pandemiya dövründə belə dayandırılmamışdır.

Təəssüf hissi ilə bildirilməlidir ki, cənab Prezident İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın koronavirus (COVID-19) adlı qlobal bəladan maksimum az zərərlə çıxması üçün yorulmadan effektli və əməli tədbirlər görürlər. Lakin bəzi məmurlar mənəviyyata sığmayan hərəkətlər etmişdirlər.

Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər elə bu səbəbdən də dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.

Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.

Dövlətimizin lideri dövlət qulluqçusu olaraq hər birimizin qarşısına çox mühüm vəzifələr qoymuşdur, ona görə də mən hər bir dövlət məmuruna səslənirəm ki, cənab Prezidentimizin hər çıxışında dönə-dönə səsləndirdiyi bir tapşırığı bir daha qeyd edirik ki, məmur yekəxana olmamalıdır, xalqın xidmətçisi olduğunu birdəfəlik başa düşməlidir. Biz özümüz hər işdə nümunə olmalıyıq. İstər xüsusi karantin rejimi dövründə və istərsə də normal həyatda. Bizim bir vəzifəmiz vardır: yalnız vətəndaşın xidmətində dayanmaq! Hər birimizin amalı dövlətə və dövlətçiliyə sədaqət olmalı, fəaliyyətimizdə qanunun ali prinsiplərini dönmədən əldə rəhbər tutmalı, xalqa və Vətənə layiqincə xidmət etməliyik.

Keçidlər