Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyev və Tovuz

10 may 2020 | 16:00

Dahi şəxsiyyətlərin fəaliyyəti nəticəsində tarix formalaşır. Heç bir xalq dahi, böyük tarixi miqyaslı şəxsiyyətlər yetişdirmədən inkişafa və tərəqqiyə qovuşa bilməmişdir. Nə yaxşı ki, böyük Yaradan xalqımızın inkişafının gedişinə və istiqamətlərinə fövqəladə təsir göstərmək qüdrətinə malik olan böyük Heydər Əliyevi bəxş etmişdir. Müasir tariximizdə bu şərəfli missiya yalnız xalqımızın Ümummili Lideri Heydər Əliyevə nəsib olmuşdur. İndiki nəsillərin şahidi olduğu ən yeni tariximizin yaradıcısı, müasir Azərbaycanın dahi qurucusu da məhz Heydər Əliyevdir.

Tovuz dəmir yolu vağzalında qarşılanma

Əyyublu kəndində qarşılanma mərasimi

Xalqın böyük oğlu öz titanik fəaliyyəti ilə başdan-başa yenidən qurub çiçəkləndirdiyi Azərbaycanın digər yerlərində olduğu kimi Tovuz rayonu da dahi rəhbərin tükənməz diqqət və qayğısından həmişə bəhrələnmişdir. 1969-cu ilə qədər respublikanın geridə qalan ən ucqar kənd rayonlarında biri olan Tovuz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsindən dərhal sonra onun məxsusi qayğısı sayəsində öz tərəqqi və inkişaf yoluna başladı. Rayonda yeni sənaye və istehsal müəssisələri yaradıldı. Tovuz rayonu üzümçülük üzrə ixtisaslaşmaq istiqamətini götürdü. Rayonda yeni üzüm plantasiyaları salındı və üzümçülük intensiv şəkildə inkişaf etdirilərək bağların becərilməsində yeni mütərəqqi üsullar tətbiq olundu. Plantasiyalar salınarkən rayonlaşdırılmış yüksək kefiyyətli üzüm sortlarından istifadə edilərək bağlar yüksək şpalerə qaldırıldı və aparılan ardıcıl məqsədyönlü işlər nəticəsində məhsul istehsalı demək olar, 11 dəfə artaraq 125 min ton səviyyəsinə çatdı. Əvvəllər rayonda almanlardan qalma cəmi bir tarixi şərab zavodu var idisə XX əsrin 80-ci ilində həmin zavodların, üzüm emalı müəssisələrinin sayı 13-ə çatdı. Dahi rəhbərin göstərişi ilə yaradılan Tovuz dəmir-beton məmulatları zavodu üzüm plantasiyaları üçün şpalerlərlə yanaşı mənzil tikintisi üçün boşluqlu plitələr və digər məhsullar istehsal etməyə başladı. Əhalinin gəlirləri əvvəlki dövrlə müqayisə olunmayacaq dərəcədə yüksəldi, üzümçülük üzrə ixtisaslaşdırılmış sovxozların əhatə etdiyi kəndlər başdan-başa yenidən tikilərək şəhər tipli qəsəbələrə çevrildi.

Əyyublu kəndində üzüm bağları ilə tanışlıq

Nizami adına sovxozun üzüm bağında

Tovuz şəhərini kəndlərlə birləşdirən bütün yollar yenidən çəkilərək abadlaşdırıldı, rayonun düzən və dağətəyi hissələrində yerləşən hər bir kəndinə içməli su kəmərləri çəkildi, bütün rayon ərazisi qazlaşdırldı və elektrik təsərrüfatı, rabitə, digər kommunikasiyalar müasirləşdirilərək yenidən quruldu. Əhalinin güzəranı və həyat səviyyəsi yüksək səviyyəyə çatdı.

Xatınlı kəndində içməli su xəttinin açılışı

Rayonun təhsil, səhiyyə, mədəniyyət sahəsinə çox böyük investisiya qoyularaq onların maddi-texniki bazası möhkəmləndirildi. 1970-1982-ci illər ərzində rayonda ən yeni standartlara 15 müasir məktəb binaları tikilib istifadəyə verildi ki, onlardan da beşi 1176 yerlik məktəb komplksi idi. Digər kənd məktəbləri də genişləndirilərək əlavə sinif otaqları və yardımçı binalar inşa olundu. Qeyd olunanlarla yanaşı indiki Tovuz Dövlət Sosial-İqtisad kollecinin sələfi olan M.B.Qasımov adına sovxoz-texnikum, rayonda üç müxtəlif profilli texniki peşə məktəbi, üç musiqi məktəbi və digər obyektlər yaradıldı. Çoban, üzümçü, fəhlə uşaqları respublikanın ən nüfuzlu ali məktəblərində təhsil aldılar və Tovuz respublikada ziyalı bir rayon kimi məşhurlaşmağa başladı.

Tovuz aşıqları ilə görüş

Ceyrançöl qışlağında çobanlarla görüş

Yaradılan şəraitdən və göstərilən daimi qayğıdan ruhlanan tovuzlular rayonun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə uğurlar və bir sıra yüksək göstəricilər əldə etdilər. O vaxt Azərbaycana rəhbərlik edən böyük Heydər Əliyev respublika üzümçülərinin zona seminar-müşavirələrini dalbadal Tovuzda keçirdi. Ümummilli Lider 1975, 1977, 1980 və 1998-ci illərdə Tovuz rayonuna gələrək kənd zəhmətkeşləri ilə görüşlər keçirmişdir. Rəhbərin rayona hər səfəri tovuzlular üçün çox əlamətdar olmuşdur. Müdrik dövlət başçısı kəndlərdə real vəziyyətlə tanış olub onu qiymətləndirəndən sonra və əhlinin arzusunu nəzərə alaraq rayon üçün misilsiz əhəmiyyətə malik çox böyük tikintilərin başlanması barədə qərarlar qəbul olunmasına nail oldu. Cənubi Qafqazda analoqu olmayan və Kür çayından saniyədə 3,6 kubmetr su vuran üç pilləli nasos stansiyası, Kür çayı üzərindən Ceyrançöl qışlaqlarına gedən böyük körpünün salınması, Tovuz şəhərində dəmiryolu üstündən körpü, Tovuz şəhərində və ayrı-ayrı qəsəbə və kəndlərdə çoxmənzilli yaşayış evləri, yeni mədəniyyət və istirahət obyektləri, xəstəxanalar xalqın istifadəsinə verildi. Rayonun kənd təsərrüfatının digər sahələri də diqqətdən kənarda qalmadı. O vaxt rayonun 21 sovxozunun hamısında müasir heyvandarlıq kompleksləri və ferma şəhərcikləri salındı. Həyata keçirilən bütün kompleks tədbirlər ona yönəldi ki, əhalinin həyat səviyyəsi, rifah halı, gəlirləri dönmədən yüksəlsin.

Kür çayı üzərində nasos stansiyasının inşaatçıları ilə görüş

 

Kür çayı üzərində körpünün açılışı

Dahi rəhbər Tovuza və tovuzlulara daim yüksək qiymət vermişdir. Ulu Öndərin söylədiyi: “Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır. Ən qiymətli sərvəti onun əməksevər insanlarıdır” və “Tovuzla mənim dostluğumun böyük tarixi vardır” qiymətli kəlamları bu yerin insanlarına böyük ruh vermişdir. Tovuzlular da həmişə verilən bu yüksək qiymətə layiq işləyib fəaliyyət göstərmiş, daim Heydər Əliyev ideallarına sadiq olmuşlar.

Tovuz səfərində iştirak edən nümayəndə heyəti arasında

Üzümçülərlə görüş

Bu yerin insanları həmişə dövlət və dövlətçiliyə sədaqət nümayiş etdirmiş, Ermənistanla 69 km sərhəddi olan rayon Vətən torpaqlarının müdafiəsində möhkəm dayanmış, eyni zamanda vaxtilə Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş təxribatların və vətəndaş itaətsizliyinin qarşısının alınmasında bir sipər rolunu oynamışlar. Öz fəaliyyətləri ilə Heydər Əliyev ideallarına sadiqlik göstərən tovuzlular günü bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yürütdüyü xarici və daxili siyasəti dəstəkləyərək onların xalq naminə həyata keçirdikləri bütün tədbirləri ürəkdən bəyənərək alqışlayırlar. Tovuzlular fəxr edirlər ki, bu gün pandemiya səbəbindən dünyanı bürüyən qlobal böhrana baxmayaraq Azərbaycan bu bəladan az itkilərlə çıxır. Böyük Heydər Əliyevin layiqli siyasi varisi cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, uzaqgörən və düşünülmüş siyasəti sayəsində ölkəmiz bu böhrana qarşı effektiv mübarizə aparır. Azərbaycan Respublikasının rəhbərliyi öz mükəmməl proqramını ortaya qoyaraq zərərlərin həm ölkə miqyasına, makroiqtisadi sabitliyə, həm də məşğulluğa və sosial sahələrə təsirlərini minimallaşdırmaqdadır. Azərbaycan hökumətinin uğurla həyata keçirdiyi iqtisadiyyata, biznesə və bütövlükdə xalqa, cəmiyyətə dəstək proqramları həm mövcud qlobal təsirlərin qarşısını alır, həm də postpandemiya dövründə dayanıqlı inkişaf üçün güclü zəmin yaradır. Bütün bunlar göstərir ki, dahi Heydər Əliyevin qurduğu Azərbaycan dövləti daim vətəndaşın yanındadır və yalnız onun maraqlarına xidmət edir.

Keçidlər