Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Tovuzda yaş barama istehsalının 14 tona çatdırılması proqnozlaşdırılır

05 may 2020 | 16:00

Respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir.

Ölkədə ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına əsasən, respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, ipəkqurdu toxumunun yetişdirilməsinin təşkili istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, yaş barama kümçülərdən 4 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Tovuz rayonunda da kənd təsərrüfatının bu gəlirli sahəsinin inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. İlkin olaraq  ipəkqurdunun yem bazasının yaradılması üçün rayon ərazisində otuz mindən artıq tut tingi əkilmişdir. 2019-cu ildə 11,56 ton  yaş barama tədarük olunaraq “Azərİpək” MMC-yə təhvil verilmişdir. Bu, 2018-ci ilə müqayisədə 1,81 ton çoxdur. Bu gün isə 350 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 84 kümçüyə paylanıldı. Cari ildə rayonun 30 yaşayış məntəqəsində ipəkqurdu bəslənəcəkdir. Rayonda barama yetişdirilməsi üçün yaradılan şərait nəticəsində kümçülərin 14 ton barama istehsal edəcəyi gözlənilir.

Kümçülər onlara əvəzsiz olaraq barama qurdu verildiyinə və baramaçılığın inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər