Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi karantin rejimi Tovuzda yaz-tarla işlərinə mane olmur

02 may 2020 | 16:00

Keçən il tovuzlular üçün uğurlu oldu. Onlar 220 milyon 49 min manat dəyərində 385 min 113 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 50 min 52 ton dənli bitkilər istehsal etdilər. Ondan əvvəlki ildən fərqli olaraq dənli bitkilərin məhsuldarlığı 0,3 faiz artaraq 32,4 sentner, o cümlədən buğdanın məhsuldarlığı 33 sentner oldu.

Rayon sakinləri kartof istehsalını da xeyli artıraraq 158 min 706 tona çatdırdılar. Məhsuldarlıq 33,5 sentner artaraq 250,5 sentnerə yüksəldi. Təsərrüfat sahibləri ümumilikdə istehsal olunan kənd təsərrüfatı məhsulları satışından 4 milyon 100 min manat gəlir əldə etdilər. Qazanılan bu uğurlardan ruhlanan rayon sakinləri indi böyük ruh yüksəkliyi ilə sahələrə çıxaraq daha yüksək göstəricilər uğrunda mübarizə aparırlar.

Lakin yaz-tarla işləri dövründə dünyada hökm sürən pandemiya onların işini bir qədər çətinləşdirmişdir. Buna baxmayaraq, rayonda işin ahəngi bir an belə pozulmur. Rayon sakinləri pandemiyanın qarşısının alınması və onun ölkə iqtisadiyyatına mənfi təsirinin minumuma endirilməsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəli olacağına inanır və qarşılarına qoyduqları məqsədə çatmaq üçün bütün imkanlardan istifadə edirlər.

Belə bir çətin dövrdə kənddə yaşayıb dolanışığı torpaqla bağlı olan məhsul istehsalçıları yenə də dövlətin qayğısını hiss edirlər. Xüsusilə aqrar sahədə çalışan fermerlərə verilən kredit faizinin azaldılması və məbləğinin artırılması indi kənd təsərrüfatı ilə məşğul olan insanlarda böyük maraq oyatmışdır. Onlar COVID-19 hökm sürdüyü bir zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, xüsusilə karantin rejiminə ciddi əməl etməklə hər gün əkin sahələrinə çıxır, yaz-tarla işləri ilə məşğul olurlar.

İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Tovuz rayonunda hazırda mövsümi kənd təsərrüfatı işlərinin görülməsi, yaz-tarla işlərinin aqrotexniki normalara uyğun həyata keçirilməsi davam etdirilir. Tovuzlu fermerlərlə söhbət zamanı aydın oldu ki, onlar ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına riayət etməklə kənd daxilində sərbəst şəkildə təsərrüfat işləri ilə məşğul olurlar. Koronavirusla mübarizə məqsədilə rayon ərazisində görülən məqsədyönlü və ardıcıl tədbirlər fermerlərdə əminlik yaradır ki, karantin rejiminin tələbləri onların ancaq sağlamlığına xidmət edir və məhsul istehsalçılarına normal işləyib fəaliyyət göstərmələri üçün maneçilik törətmir.

Qeyd edək ki, yaz-tarla işlərinin gedişi rayon icra hakimiyyətinin nəzarəti altındadır. Əkin-səpin işlərinin vaxtında başa çatdırılması, yaranan hər hansı problemin təcili aradan qaldırılması üçün icra hakimiyyətində qaynar xətt yaradılmışdır. Qaynar xəttə daxil olan zənglər qeydiyyata alınmaqla təcili tədbirlər görülür. Bundan başqa, rayon rəhbərliyi tez-tez sahələrdə olur, işin gedişi ilə maraqlanır. Elə bu günlərdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov ayrı-ayrı kəndlərdə taxıl, kartof, bostan sahələrində, eləcə də üzüm bağlarında olmuş, torpaq mülkiyyətçiləri ilə görüşmüş, cari işlərin gedişi ilə maraqlanmış, kənd təsərrüfatı məhsulları istehsalçılarının qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və işin sürətləndirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir. Təsərrüfat işləri ilə tanışlıq zamanı rayon icra hakimiyyətinin başçısı suvarmanın mütərəqqi üsullarla təşkili, su itkisinin qarşısının alınması ilə bağlı tövsiyələr vermiş, fermerlərlə geniş fikir mübadiləsi aparmışdır. Fermerlər onlara göstərilən dövlət qayğısından razılıqlarını bildirmiş, bu mövsümdə sahələrdən bol məhsul götürəcəklərinə əminlik ifadə etmişlər.

Göstərilən diqqət və qayğının nəticəsidir ki, hazırda Tovuzda kənd təsərrüfatı işləri uğurla davam edir. Hər gün səhər tezdən əkin sahələrinə çıxan məhsul istehsalçıları qarşılarına qoyduqları məqsədə çatmaq üçün var qüvvələrini əsirgəmirlər. İndi rayonun hansı ərazisinə yolu düşən olsa, insanları əkin sahələrində görər. Məhz bunun nəticəsidir ki, indiyədək torpaq sahibləri 710 hektarda tərəvəz əkmişlər. Bu, keçən ildəkindən 3,2 hektar çoxdur.

Məlum olduğu kimi, Tovuz Gədəbəydən sonra ən çox kartof istehsal edən rayonlardandır. Rayon sakinləri hər il kartof istehsalında yüksək göstəricilərə nail olurlar. Odur ki, keçən il 3542,2 hektarda kartof əkən torpaq sahibləri yüksək gəlir əldə etmişlər. Bu uğurdan ruhlanan rayon sakinləri əkin sahələrini bir qədər də genişləndirərək 3950 hektara çatdırmışlar. Artıq rayonda kartof əkini başa çatdırılmışdır. Hazırda əkilmiş sahələrə aqrotexniki qulluq göstərilir.

Yazlıq qarğıdalı səpini də yekunlaşdırılmışdır. Fermerlər 50 hektarda dən üçün qarğıdalı səpərək mal-qaranın yemlə təminatına şərait yaratmışlar. Ümumiyyətlə, koronavirus epidemiyası Tovuzda yaz-tarla işlərinin gedişinə qətiyyən mane olmur. Rayon sakinləri müvafiq qaydalara əməl etməklə bol məhsulun bünövrəsini qoyurlar. İnanırlar ki, çəkdikləri əziyyətin bəhrəsini görəcəklər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Keçidlər