Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Zərifə Əliyevanın anadan olduğu gündür

28 aprel 2020 | 16:00

Xalqımızın qürur mənbəyi, fəxr ünvanı, görkəmli elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. Bu böyük insanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan 1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

Zərifə xanım Heydər Əliyevin təkcə ömür-gün yoldaşı deyil, həm də vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi. Müstəqil dövlət quruculuğu və milli-mənəvi dəyərlərin qorunmasında ömrünü şam kimi əridən Heydər Əliyevə vəfalı sirdaş, arxa-dayaq olan Zərifə xanım xalqına, millətinə xidmət etmək üçün öz şəfasını əsirgəmək bilmirdi.

Mehriban və qayğıkeş ana Zərifə xanım hər bir insanın problemləri ilə maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi. O, ailədə olduğu kimi həyatda da çox sadə insan idi. O, heç vaxt Heydər Əliyevin həyat yoldaşı olduğunu büruzə verməzdi. Davranışında, münasibətlərində o qədər sadə və səmimi idi ki, hər kəs onu bu səmimiyyətinə görə, dərin məhəbbətlə sevirdi. Təvazökarlığı ona olan hörmət və ehtiramı daha da artırırdı.

Ötən əsrin 50-ci illərində respublikamızın səhiyyə sistemini qayğılandıran, narahat edən problemlərdən biri traxoma xəstəliyinin yayılması ilə bağlı idi. Bu xəstəlik ağır fəsadlar törədərək insanlarda görmə qabiliyyətindən məhrumluğa, əmək qabiliyyətinin itirilməsinə, gözdən əlillərin sayının kütləvi surətdə artmasına səbəb oldu. Alimlər, həkimlər bu xəstəliyin qarşısının alınması, müalicəsi üsullarının işlənib hazırlanması üçün çoxsaylı elmi tədqiqatlar aparırdı. Bu məsələ Zərifə xanımı rahat buraxmırdı. O, bu xəstəlikdən əziyyət çəkən insanlara kömək etmək üçün bütün gücünü, əməyini sərf etdi. Oftalmologiya ixtisası üzrə peşəkar mütəxəssis kimi Zərifə Əliyeva traxoma ilə əlaqədar vəziyyəti əyani olaraq müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirdi, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırdı. Onun sanballı elmi kəşfləri sayəsində traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yarandı, xəstəliyin yayılmasının qarşısı alındı, tədricən ölkə əhalisi üçün təhlükə törədən bu ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxardı.

O, qəlbi və xasiyyəti kimi nur saçdı, neçə-neçə insana nur verdi, işıqlı həyata çıxardı.

1981-ci ildə keçmiş ittifaq respublikalarının elmi həyatında, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisənin - Zərifə Əliyevanın SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafatına layiq görülməsi böyük hadisə kimi qarşılandı. Bu mükafatı oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur oftalmoloq alimlər alırdı. Zərifə xanımın bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın elm tarixinə qızıl hərflərlə yazıldı.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin anasıdır.

O, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində, vətənimizin yaddaşında, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaq.

Keçidlər