Tovuzda tütünçülüyün inkişafına yeni zəmin yaradılır
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 10 avqust 2017-ci ildə Sərəncamı Tovuzda uğurla icra edilir.
Tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tütünçülüyə dövlət dəstəyi göstərilir. Buna müvafiq olaraq bir hektar tütün becərilməsinə görə 280 manat, təhvil verilmiş quru tütünün hər kiloqramına 0,05, yaş tütünün isə hər 10 kiloqramına 0.05 manat məbləğində subsidiya verilməsi rayonda tütünçülüyün inkişafına əlavə stimul vermişdir.
Tovuz rayonu üçün tütünçülük ənənəvi sahədir. Kənd təsərrüfatının gəlir gətirən bu sahəsinə yenidən qayıdılması fermerləri axtarış axtarmağa və daha səmərəli metodları tətbiq etməyə sövq edir. Tovuz tütünçüləri məsələ qaldırırdılar ki, yaş tütün yarpağı yerdə təhvil götürülərsə onda hər hektarın məhsuldarlığı daha da yüksələr və bu sahəninin rentabelliyi arta bilər. Həmin təşəbbüs nəzərə alınaraq kənd təsərrüfatı istehsalçılarına kömək məqsədilə rayonda tütün qurutma məntəqəsi yaradılacaqdır. Hazırda “Tovuz Agro Sənaye” MMC nəzdində həmin tütün qurutma məntəqəsinin tikintisinə başlanmışdır.
Tütünçülükdə sağlam və standart şitil yetişdirmənin böyük əhəmiyyəti vardır. Qovlar şəhərində, Xatınlı, Aşağı Mülkülü, Aşağı Öyusüzlü kəndlərində 2020-ci ildə isidilməyən istixanalarda əlavə olaraq əvvəlki illərdə yaxşı nəticə əldə olunmuş və bu yerlərə yaxşı uyğunlaşmış “Virciniya” sortlu tütün şitili yetişdirilmişdir. Rayonda bu il 50-60 ha tütün plantasiyası salınması nəzərdə tutulmuşdur. Hazırda tütün şitillərinin yerə köçürülməsinə başlanmışdır. Fermerlərin özlərinin yetişdirdikləri şitillərlə yanaşı “Oğuz Aqro İndustry” MMC əlavə olaraq tütünçüləri daha məhsuldar tütün şitilləri ilə təmin edir.
(COVID-19) epidemiyası təhlükəsinə baxmayaraq rayonun fermerləri xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə yaz-tarla işlərini aqrotexniki qaydada və vaxtında həyata keçirirlər. Rayonun icra orqanları və əlaqədar strukturlarının kənd təsərrüfatı işlərinin görülməsinə yaratdıqları şərait nəticəsində və onların yaxından köməyi ilə tütünçülər də öz işlərini aqrotexniki tələblər səviyyəsində görə bilirlər. Hazırda tütün sahələrində qızğın iş gedir. Basdırılan şitillər suvarılır və onlara qulluq göstərilir.
Tovuzda tütünçülüyün inkişafına yaradılan şərait bu sahənin iqtisadi səmərəliliyini daha da artırmağa və tütünçülüklə məşğul olan ailələrin rifah halını daha da yaxşılaşdırmağa imkan verəcəkdir.