Tovuz rayonunda kəndlərarası yollar yenidən qurulur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncam və göstərişlərinə uyğun olaraq regionların inkişafı Dövlət Proqramlarının icrası çərçivəsində əsas diqqət kəndləri birləşdirən yolların yenidən qurmasına yönəldilmişdir. Həmin işlərin icrası çərçivəsində Tovuz rayonunun Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.
Sözügedən kəndlərarası yolların istismara verilməsi bölgənin sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq və əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sanballı töhfə verəcəkdir. Sakinlər onlara göstərilən dövlət qayğısından məmnundurlar və bütün bu işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə edirlər.