Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonu İcra hakimiyyəti başçısı yanında şuranın geniş tərkibdə iclası keçirilmişdir

05 aprel 2014 | 15:00

Geniş Şura iclasında Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin tibbi müayinədən keçirilməsinin gedişi və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Şura iclasını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov açmışdır. Qeyd edilmişdir ki, ölkənin hər yerində olduğu kimi, Tovuzda da Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarına və sərəncamlara əsasən yeni səhiyyə müəssisələrinin tikintisi və müasir tibb avadanlıqları ilə təmin olunması işi uğurla davam edir. Belə ki, son illər rayonda müasir xəstəxana binası və Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilmiş, səhiyyə ocaqlarının maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu da öz növbəsində sakinlərin pulsuz tibbi müayinədən keçirilməsi kimi mühüm kampaniyanın mütəşəkkil aparılmasına imkan yaradır.
Rayon İcra hakimiyyəti başçısının müavini-ictimai-siaysi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova  rayon əhalisinin tibbi müayinədən keçirilməsi vəziyyəti haqqında məlumat vermişdir.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Paşa Muradov çıxışında bildirmişdir ki, fevral ayının 17-dən indiyədək 82 yaşayış məntəqəsində yaşayan 64091 sakin hərtərəfli müayinə edilmişdir. Onlardan 7055 nəfərinə ambulator, 160 nəfərinə stasionar müalicə təyin olunmuş, 71 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir. Baş həkim əmin etmişdir ki, rayonun tibb işçiləri Prezidentin tapşırığını layiqincə yerinə yetirəcək, mayın 1-dək rayon sakinlərinin hamılıqla pulsuz tibbi müayinədən keçirilməsi təmin olunacaqdır.
Sonda Şura iclasının qərarı ilə əhalinin tibbi müayinəsinin müvəffəqiyyətlə başa çatdırılması üçün mərkəzi rayon xəstəxanasının rəhbərliyinə, yerli icra nümayəndələrinə və digər əlaqədar vəzifəli şəxlərə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər