Aprel döyüşləri Azərbaycan Ordusunun tarixi zəfəridir
Bu il Azərbaycan Ordusunun tarixi zəfəri olan Aprel döyüşlərindən 4 il keçir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən və şəhidlik zirvəsinə yüksələn igid əsgərlərimizin və zabitlərimizin xatirəsini böyük ehtiramla yad edirik.
Aprel döyüşləri bizim böyük tarixli qələbəmizdir. Həmin günlər aparılan döyüşlər müasir tariximizin ən uğurlu hərbi əməliyyatlardandır. O döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Aprel döyüşündə minlərlə hektar torpaqlarımız işğalçılardan azad edildi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan ordusu bu gün ən yüksək hərbi hazırlığa və döyüş qabiliyyətinə malikdir. Bu döyüşlərdə erməni ordusunun haqında özlərinin yaratdıqları mif tamamilə darmadağın edildi. Düşmən birdəfəlik sındırıldı.
Bu gün bərpa edilmiş Cocuq Mərcanlıya həyat qayıdıb. Orada Şuşa məscidinin bənzəri olan məscid tikilib, yeni iş yerləri yaradılır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır ki, işğal altındakı torpaqlarımız azad olunsun. Xalqın bu arzusunu isə Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirəcəkdir. Biz buna möhkəm inanırıq! Bilirik ki, cənab Prezidentin qətiyyəti, siyasi iradəsi və dünyanın ən güclü ordularından birinə çevirdiyi Azərbaycan ordusunun gücü ilə ərazi bütövlüyümüz bərpa edəcəkdir!
Aprel döyüşlərində Tovuzlu əsgər və zabitlər də iştirak etmiş, qəhrəmanlıq və cəsurluq nümunələri göstərmiş və onlardan Cəfərov Mirsalam Təvəkkül oğlu şəhid olmuşdur. Mirsalam kimi igidlərin hünəri sayəsində Aprel döyüşləri tariximizin şanlı səhifəsinə çevrildi. Bu gün biz Aprel şəhidlərinin, həmçinin Mirsalam Cəfərovun əziz xatirəsini anırıq və bütün Aprel şəhidlərinə Allahdan rəhmət diləyirik.