Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Novruz bayramı təntənə ilə qeyd olunmuşdur

18 mart 2014 | 16:00

Tovuz şəhərindəki Heydər Əliyev meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov tovuzluları bayram münasibətilə təbrik etmiş, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulamışdır. Qeyd edilmişdir ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq beş ildir UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir. Diqqətə çatdırılmışdır ki, bu ümumxalq bayram ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd olunur. Sonra tonqal qalanmış, müxtəlif milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi nümayiş etdirilmişdir. Şənlikdə respublikanın xalq artisti Bilal Əliyev, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovaların, digər incəsənət ustalarının və rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Keçidlər