Tovuzda tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə sosial xidmətlər göstərilir
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli qərarı ilə koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Xüsusi karantin rejimi şəraitində həyata keçirilməsi zəruri sayılan tədbirlərdən biri də 65 yaşdan yuxarı insanların evdən çıxmağının qadağan edilməsi, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi barədədir.
Operativ Qərargahın tapşırıqlarının icrası sahəsində Tovuz rayonunda da təxirəsalınmaz tədbirlə həyata keçirilir.
RİH başçısı aparatında fəaliyyət göstərən xüsusi qərargahda aidiyyatı qurumların fəaliyyətinin əlaqələndirilməsi və qarşıya qoyulan vəzifələrin icrası təmin edilir.
Bu tədbirlər sırasında rayon ərazisində yaşayan 65 yaşdan yuxarı vətəndaşların siyahısı tərtib edilmiş və onların arasında tənha yaşayan sakinlər müəyyən edilmişdir.
Bu gün RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və yerli özünü idarəetmə orqanlarının iştirakı ilə Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhərində tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə gündəlik təlabat malları verilmişdir. Tənha sakinlərin sosial-məişət şəraiti, əsas təlabat mallarına, dərman vasitələrinə və tibbi ləvazimatlara olan ehtiyacları öyrənilmiş, hər bir tənha sakinə məsul şəxs təhkim edilmişdir.
Ev şəraitində yaşayan tənha sakinlərə sosial-məişət xidmətlərinin göstərilməsi sahəsində işlər davam etdirilir.