Tovuz rayonunda dezinfeksiya işləri davam etdirilir
Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Tovuz rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın tapşırıqlarına uyğun olaraq Tovuz rayonunda həyata keçirilən təxirəsalınmaz tədbirlər sırasında rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşlarından ibarət xüsusi qrup müxtəlif yerlərdə, o cümlədən əhalinin intensiv keçdiyi küçələrdə, parklarda, iri ticarət obyektlərinin ətrafında, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və giriş qapılarında, avtobus və taksi dayanacaqlarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işlərini davam etdirir. Bu işlər əhalinin sağlamlığının qorunması və epidemiyaya yoluxmasının qarşısının alınması məqsədi ilə görülür.
Dezinfeksiya işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.