Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 5 - mart “Bədən tərbiyəsi və idman günü” qeyd olunmuşdur

06 mart 2014 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Sonra ali hərbi məktəblərə hazırlaşan şagirdlər arasında 3,7 kilometr məsafədə kross yarışı keçirilmişdir. Yarışda Düz Cırdaxan kənd tam orta məktəbinin şagirdi Seyfəddin Yusifov qalib gəlmiş, Əlimərdanlı və Bayramlı kənd tam orta məktəblərinin şagirdləri Nihad Babayev və Pənah Rüstəmov isə ikinci və üçüncü yerləri bölüşmüşlər.
Tədbir Tovuz Olimpiya İdman Kompleksində davam etdirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov, rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov Tovuzda idmanın inkişafı istiqamətində görülən işlərdən, ötən il rayon idmançılarının əldə etdikləri qələbələrdən geniş söhbət açmışlar.
Çıxışlarda son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir.
Bildirilmişdir ki, Tovuz rayonunda da son vaxtlar bu sahənin inkişafına, idmanın kütləviliyinə diqqət artırılmış, beynəlxalq standartlara cavab verən Tovuz Olimpiya İdman Kompleksinin imkanlarından geniş istifadə olunmuşdur.
Qeyd olunmuşdur ki, rayon gəncləri arasında idmanla yanaşı, hərbi sahəyə də maraq ilbəil artmaqdadır. Son 6 ildə 400-dən artıq tovuzlu gənc ali hərbi məktəblərə və liseylərə qəbul olunmuşdur. Bu il isə 120 gənc ali hərbi məktəblərə hazırlaşır.
Tədbirdə çıxış edən idman mütəxəssisləri, idmançılar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda qabaqcıl idman mütəxəssislərinə və idmançılara rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları, qiymətli hədiyyələri təqdim edilmişdir.

Keçidlər