Tovuz rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncaq keçirilmişdir
19 fevral 2014-cü il tarixdə Tovuz rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağından əvvəl tədbir iştirakçıları Ümumilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Hesabat yığıncağında Tovuz rayon İcra Hakimiyyəti başçısı cənab Tofiq Zeynalov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin tərkib hissəsi kimi ölkədə aparılan iqtisadi islahatlar bu gün Tovuz rayonunda da öz müsbət nəticələrini verməkdədir. Hesabat dövründə rayonda məhsul buraxılışının və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 3,9 faiz artmışdır. Bu artım kənd təsərrüfatında 8,7, sənayedə 2,2, ticarət və xidmət sahələrində 8,9, nəqliyyatda 1, rabitədə 9,8 faiz təşkil etmişdir. Bildirilmişdir ki, ötən il aqrar sahədə və onun başlıca bölmələrindən olan heyvandarlığın inkişafında xeyli iş görülmüşdür. 2012-ci illə müqayisədə ət istehsalı 13,9, süd istehsalı 6,5, yumurta 5,3, yun istehsalı 3,5 faiz artmış, heyvanların baş, eləcə də ana heyvanların sayı xeyli artmışdır.
Rayonda ötən il arıçılığın inkişafına xüsusi diqqət yetirilmiş, arı ailələrinin çoxaldılması, müvafiq sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində lazımi iş aparılır. Ötən il rayonda taxılın məhsuldarlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində məhsuldarlıq 6,6 sentner artırılaraq 35,1 sentnerə çatdırılmışdır. Digər sahələrdə də məhsuldarlığın xeyli artımına nail olunmuşdur. Yeni üzümlüklərin salınması davam etdirilir. Keçən il 30 hektar sahədə yeni üzümlüklər salınmış, üzüm bağlarının sahəsi 601 hektara çatdırılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm layihələr icra edilmişdir. Proqrama uyğun olaraq rayonda tutumu 10 min ton olan taxıl anbarı, Qaraxanlı kəndində 15 min başlıq quşçuluq binası, Xatınlı kəndində 50, Aşağı Quşçu kəndində 300 tonluq soyuducu kamera, 80 çarpayılıq rayon mərkəzi xəstəxanası, 18 məktəb binası, Axınca və Zəyəm çayları üzərində 5 avtomobil körpüsü, Tovuz-Böyük Qışlaq-Qaralar, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolları, Diaqnostika və hemodializ mərkəzi, 50 mənzilli və 35 mənzilli iki beşmərtəbəli yaşayış binaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cəmi 76 mənzilli 3 bina və digər obyektlər istifadəyə verilmişdir. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə işlər başa çatmaqdadır.
Tovuzda 2013-cü ildə tikinti, quruculuq və abadlıq işləri uğurla davam etdirilmişdir. Tovuz şəhərinin Heydər Əliyev prospektində, Musa Musayev küçəsində, Tovuz-Ağdam avtomobil yolunun “Turan” şadlıq evindən “Qazıqulu dairəsi”nədək olan hissəsində, Həzi Aslanov, Məmməd Zeynalov və Sabir küçələrində abadlıq işləri aparılmışdır. Qovlar şəhərində Azadlıq prospektinə və Vağzal küçəsinə asfalt-beton örtük qoyulmuş, ayırıcı zolaq salınmış, yeni müasir işıqlanma sistemi ilə təchiz edilmişdir. Prospektin kənarında təbii qaya daşlarından və “aqlay” üzlük tavalarından istifadə olunmaqla dekorativ hasar inşa edilmişdir.
2014-cü ildə qarşıda duran vəzifələr haqqında məlumat verən T. Zeynalov bildirmişdir ki, Tovuz rayonunda Gənclər Mərkəzinin, 5 məktəbin, “Nizami” adına mədəniyyət evinin və Aşıq Hüseyn Bozalqanlı adına Ozan Aşıq sənəti dövlət müzeyinin yeni binalarının tikintisinə başlanılmış, “ASAN xidmətin”in regional ofisinin, rabitə evinin, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 36 mənzilli yaşayış binasının və digər sosial obyektlərin tikintisi nəzərdə tutulur.
Hesabat yığıncağında Milli Məclisin deputatları İlyas İsmayılov və Rafiq Məmmədhəsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış etmişlər.
Hesabat yığıncağının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.