Tovuz rayonunda 2019-cu ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
19 fevral 2020-ci il tarixdə Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində “Tovuz rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” geniş Şura iclası keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Hesabat yığıncağına dəvət olunanlar Mədəniyyət Mərkəzinin foyesində 2019-cu ildə görülümüş işlərə dair hazırlanmış fotostendlərlə tanış olmuş, Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı təqdim edilən video çarxı izləmişlər.
Hesabat yığıncağında Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov məruzə ilə çıxış etmişdir.
Məruzədə qeyd edilmişdir ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə və fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti geniş məzmunlu nitqlərlə çıxış etmiş, 2019-cu ildə ölkəmizdə görülən işləri ətraflı təhlil etmiş və növbəti mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Dövlətimizin başçısı əminliyini ifadə etmişdir ki, 2020-ci ildə Azərbaycan uğurla inkişaf edəcək və daha güclü dövlətə çevriləcəkdir.
2019-cu il Tovuz rayonu üçün də uğurlu bir il olmuşdur. Ötən il rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümümi həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 11,6 faiz artaraq 482 milyon 246 min manat təşkil etmişdir. Bunun 66 faizi istehsal, 34 faizi isə xidmət sahələrinin payına düşür. Əvvəlki illə müqayisədə sənayedə 6,7 faiz, kənd təsərrüfatında 10,0 faiz, tikintidə 37,6 faiz, nəqliyyatda 26,6 faiz, rabitədə 13,3 faiz, ticarətdə 2,9 faiz artım olmuşdur. 2019-cu ilin yanvar-dekabr aylarında sənaye xarakterli xidmətlərin həcmi 16 milyon 880 min manat təşkil etmiş və 2018-ci illə müqayisədə 6,7 faiz çoxalmışdır. Hesabat dövründə büdcə gəlirləri 10 milyon 338 min manat proqnoza qarşı 14 milyon 288 min manat olmuşdur.
Rayon iqtisadiyyatının 45,6 faizini təşkil edən kənd təsərrüfatı təşkil edir. Hesabat dövründə rayon üzrə 220 milyon 49 min manat dəyərində 385 min 113 ton kənd təsərrüfatı məhsulları, o cümlədən, 50 min 52 ton dənli bitkilər istehsal olunmuşdur. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,3 faiz ataraq 32,4 sentner, o cümlədən buğdanın məhsuldarlığı 33 sentner olmuşdur.
Ötən il rayonda 158 min 706 ton kartof istehsal olunmuşdur. Məhsuldarlıq 33,5 sentner artaraq 250,5 sentnerə yüksəlmişdir. Artıq kartofçuluqla məşğul olan iri fermer təsərrüfatları meydana gəlir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq istehsal olunan məhsulun saxlanılması və uyğun vaxtlarda realizasiya olunması məqsədilə 22 min 500 ton tutumu olan soyuducu anbar kompleksinin tikintisinə başlanmışdır. Logistik mərkəz kimi fəaliyyət göstərəcək bu obyektin tikintisi regionda kartofçuluğun inkişafına əhəmiyyətli təsir göstərəcəkdir.
Bu mövsümdə fermerlər 38,4 hektar istixanalarda 3072 ton məhsul yetişdirmişlər. Məhsul satışından 4 milyon 100 min manat gəlir əldə olunmuşdur. Eyni zamanda 1329 hektar tərəvəz əkini sahəsindən 28 min 475 ton məhsul götürülmüşdür. O cümlədən, 10270 ton yerkökü istehsalından fermerlərimiz 3 milyon 629 min manat gəlir əldə etmişlər.
Hesabat ilində 20 hektar sahədə yeni üzüm bağları salınmış və bununla da üzümlüklərin ümumi sahəsi 745 hektara çatdırılmışdır. Mövsüm ərzində rayonda 16 min 283 ton məhsul istehsal olunmuşdur. Ötən illə müqayisədə məhsuldarlıq 44 sentner artaraq 245,6 sentnerə çatmışdır. Müvafiq Dövlət proqramına uyğun olaraq bu sahədə aparılan işlər davam etdirilir.
Aşağı Quşçu kəndində 3 min tonluq üzüm emalı müəssisəsi yaradılmışdır. Keçən il müəssisə ilk dəfə olaraq fermerlərdən münasib qiymətlərlə məhsul qəbul etmişdir. Müəsissədə müasir texnologiyalar əsasında alkoqollu içkilərin istehsalı, süzülərək qablaşdırılması, hazır məhsul şəkilində bazarlara çıxarılması planlaşdırılır.
Ötən il 26 hektar sahədə yeni müasir meyvə bağları salınmış və rayonda bağların ümumi sahəsi 1395 hektara çatdırılmışdır. Mövsüm ərzində bağlardan əvvəlki ildəkindən 4095 ton çox olmaqla 21 min 756 ton məhsul götürülmüşdür.
Məruzədə rayonda kənd təsərrüfatının ənənəvi sahələri olan baramaçılığın, tütünçülüyün və şəkər çuğunduru əkini sahəsində əldə olunan nəticələr və qarşıda duran vəzifələr təhlil olunmuşdur.
Rayonda ötən il heyvandalığın inkişafı sahəsində də müsbət nəticələr əldə edildiyi qeyd olunmuş və bildirilmişdir ki, əvvəlki illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 10,8 faiz, yumurta istehsalı 2 faiz, yun istehsalı 0,2 faiz artmışdır. Heyvandalıqda məhsuldarlığın artırılması və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
2017-ci ildə inşasına başlanmış heyvandarlıq üzrə 1500 başlıq Aqroparkın tikintisi 2019-cu ildə başa çatmış və fəaliyyətə başlamışdır.
Məruzədə torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-iriqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində aparılan işlərdən bəhs edilmiş və mövcud su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı təkliflər verilmişdir.
Qeyd olunmuşdur ki, ötən il rayon iqtisadiyyatına 91 milyon 248 min manat sərmayə qoyulmuşdur. Cəlb olunmuş investisiyanın həcmi 46,9 faiz artmışdır.
Rayonda ötən il 2981 yeni iş yeri açılmışdır ki, bundan 1390-ı daimi işlərdir. O cümlədən 557 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Bu layihə cari ildə də davam etdirilir.
Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Ötən il rayonda 822 ailəyə ünvanlı sosial yardım ödənilib ki, bunun da aylıq məbləği 179 min 748 manat təşkil edir. Özünüməşğulluq tədbirlərinə cəlb olunan vətəndaşlardan 185 nəfəri aktivlərlə təmin edilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ötən il rayonda kağız və karton tara istehsalı müəssisəsi tikilmiş və Düz Cırdaxan kəndi ərazisində 3000 tonluq soyuducu anbar kompleksi genişləndirilmişdir. Eyni zamanda proqramda nəzərdə tutulan yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri işləri davam etdirilmişdir. Bundan əlavə Aşağı Quşçu kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə 2,3 kilometr uzunluğunda kəndarası yol asfaltlanmışdır.
Rayonda əhalinin elektrik təchizatı və təbii qazla təminatı sahəsində görülən işlər ətraflı təhlil olunmuş və növbəti mərhələdə görüləcək işlər açıqlanmışdır.
Qeyd olunmuşdur ki, “Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 mart 2018-ci il tarixli Sərəncamına uyğun olaraq şəhər əhalisi kefiyyətli və dayanıqlı içməli su ilə təmin olunmuşdur. Uzun illər sudan korluq çəkən şəhər əhalisində içməli su ilə bağlı böyük məmnunluq hissi yaranmış və onlar bu əvəzsiz töhfəyə görə ölkə rəhbəriliyinə sonsuz minnətdarlıqlarını bildirirlər.
2019-cu il ərzində rayonda müxtəlif istiqamətlərdə aparılan tikinti quruculuq və abadlıq işləri haqqında məlumat verilmiş və qeyd olunmuşdur ki, keçən il rayonda region əhalisinə xidmət göstərəcək möhtəşəm “ASAN xidmət” Mərkəzinin tikintisi başa çatdırılmışdır. Cənab Prezidentin müvafiq Sərəncamları ilə inşa olunan Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası, Güvəndik və Şamlıq kəndlərində modul tipli məktəblər tikilmişdir.
Alakol kəndində 624 şagird yerlik müasir məktəb tikilib istifadəyə verilmişdir. Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə 1200 şagird yerlik Bozalqanlı kənd məktəbinin yeni binasının tikintisi, 480 şagird yerlik Köhnəqala və 627 şagird yerlik Dondar Quşçu kənd məktəblərinin, həçinin dövlət investisiya proqramı çərçivəsində 1176 şagird yerlik Aşağı Quşçu kənd tam orta məktəblərinin əsaslı təmir işləri aparılır.
Tovuz şəhərində “Tarix Diyarşunaslıq Muzeyi”, “Aşıq Sənəti Dövlət Muzeyi” və “Dövlət Rəmzləri Muzeyi” tikilmiş, daxili tərtibat işləri görülüb qurtarmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Düz Qırıqlı kəndində musiqi məktəbi əsaslı təmir olunmuşdur. Nizami adına mədəniyyət evində təmir-bərpa işləri davam etdirilir.
Məruzədə təhsil, səhiyyə, mədəniyyət, turizm, bədən tərbiyyəsi və idman sahəsində görülən işlər təhlil olunmuş, Tovuzda Futbol Akademiyasının yaradılması istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarına məlumat verilmişdir.
Hesabatda ekoloji tarazlığın qorunması sahəsində müəyyən işlər görüldüyü, “Nəsimi ili” çərçivəsində yaşayış məntəqələri ərazisində 10 min ədəddən artıq müxtəlif növ ağac, yol kənarlarında isə 4200 ədəd həmişəyaşıl ağaclar və kollar əkildiyi, ictimai yerlərdə səliqə-səhman yaradıldığı qeyd olunmuşdur.
Hesabat yığıncağında il ərzində RİH başçısı aparatında vətəndaş müraciətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunmuş, bu sahədə nöqsanlara yol verən təşkilatların ünvanına tənqidi qeydlər səslənmişdir.
Qeyd olunmuşdur ki, Cənab Prezidentin çağırışlarına uyğun olaraq 2020-ci ildə hər birimizin qarşısında mühüm vəzifələr dayanır, bu vəzifələr hər birimizdən böyük fədəkarlıq, vətəndaş məsuliyyəti tələb edir. Rayon İcra Hakimiyyəti bundan sonra da öz işini “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” tələblərinə uyğun quracaq və cənab Prezidentin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Tovuz rayon şöbəsinin müdiri Adil Cəfərov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov, Sahibkar Elqam Tağıyev, Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, “Tovuz Aqro” MMC-nin direktoru Şadkamal Hüseynov, könüllü Tamam Səlimova çıxış etmişlər.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış edərək cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət, ölkədəki ictimai-siyasi vəziyyət, həyata keçirilən quruculuq işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş və Tovuz rayonunda görülən işlərə münasibət bildirmişdir.
Hesabat yığıncağında “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş Tovuz rayonunun Aşağı Quşçu kənd sakini, üzümçü-sahibkar Tağıyev Elqam Qənbər oğluna 3-cü dərəcəli “Əmək” ordeni və vəsiqə təqdim olunmuşdur.
Geniş Şura iclasında səsləndirilmiş təkliflər nəzərə alınmaqla müvafiq qərar qəbul edilmişdir.
Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olumuşdur.