Rayonun Cəlilli kəndində səyyar qəbul-görüş keçirilmişdir
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü Cəlilli kəndində keçirilmişdir. Görüşdə RİH-nin məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən rəhbər işçilərin əhali ilə keçirdikləri səyyar görüşlərin əhəmiyyətindən danışmış, belə tədbirlərin yerlərdə görülmüş və görüləcək işlərlə daha yaxından tanış olmaq, əhalini narahat edən problemləri daha dərindən öyrənmək üçün yaxşı imkan yaratdığını diqqətə çatdırmışdır.
RİH-nin başçısı tədbir iştirakçılarına cənab Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə və rayonda həyata keçirilən sosial-iqtisadi və abadlıq-quruculuq işləri barədə məlumat vermişdir. Kənd ictimaiyyətinin nümayəndələri dövlət başçısının apardığı islahatların, ölkədə və rayonda görülən işlərin, həyata keçirilən layihələrin möhtəşəmliyini dərk etdiklərini bildirərək, bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Kənd sakinləri Abbasəli Qasımov, Günel Əhmədova, Suliddin Novruzov, Təzəgül Məstanova, Hidayət İbrahimov, Nazim Qurbanov, Nəsib Nəsibov, Nüsrət Sadıqov, Azad Haqverdiyev, Sevinc Xəlilova, Rəşid Həsənov, Əkbər Məmmədov söz alaraq kənd məktəbinin və körpələr evi-uşaq bağçası binalarının təmiri, yeni yaşayış massivinin qazlaşdırılması, içməli və suvarma su təminatı, elektrik transformatorunun qəzalı vəziyyətdə olması, sosial yardım, piyada keçidinin qoyulması, yol, pensiya təyinatı, marşurut xəttinin açılması və digər məsələlərlə bağlı müraciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir. Bir sıra tapşırıqların icrası nəzarətə götürülmüşdür.