Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olmuşdur
Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı mərasimində qeyd edilmişdir ki, yeni 2020-ci ilimiz Vətənimiz, xalqımız üçün çox uğurlu başlanğıclarla yadda qalmışdır. Möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı təmin olunur, xalqa xidmət edən yeni sosial obyektlər istifadəyə verilir.
Açılış mərasimində çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 12 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası binası tikilmişdir. Dövlətimizin qayğısı sayəsində tikilərək istifadəyə verilən bu müasir körpələr evi-uşaq bağçası binası Azərbaycan dövlətinin gənc nəslə göstərdiyi ən yaxşı nümunələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı, onların layiqli vətəndaş kimi yetişməsi üçün böyük tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifah halının yüksəldilməsində misilsiz xidmətlər göstərir. Mehriban xanım Əliyeva vətəndaş məmnunluğunun təmin edilməsində, sosial həssas əhali qruplarının problemlərinin həllində çox səmərəli tədbirlər görülməsinə nail olur. Müasir arxitektura və dizaynla inşa edilərək hər cür invertar və avadanlıqlarla təmin olunmaqla istifadəyə verilən bu uşaq bağçası ölkə rəhbərliyinin regionlara göstərdiyi hərtərəfli qayğının ən yaxşı nümunələrindəndir. Bütün bunlara görə cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanıma tovuzlular adından öz minnətdarlığımızı bildiririk.
Uşaq tərbiyə müəssisəsinin kollektivinə tövsiyəmiz odur ki, bu yaradılmış şəraitdən maksimum səmərəli istifadə etsinlər və bu maddi-texniki bazanı, bu gözəl sosial obyekti qoruyub saxlasınlar. İnanırıq ki, kollektiv burada məktəbəqədər təlim və tərbiyə işini günün tələbləri səviyyəsində qurmaqla məktəbə hazırlıqlı, sağlam uşaqlar yetişdirməsinə nail olacaqdır.
Tədbirdə ictimaiyyət nümayəndələrindən Qasım Hüseynov, Asudə Səfərova, Oruc Binnətov çıxış edərək belə sosial obyektin xalqın istifadəsinə verilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra yeni tikilmiş körpələr evi-uşaq bağçasının açılışını bildirən rəmzi qırmızı lent kəsilmişdir. İştirakçılar məktəbəqədər tərbiyə müəssisəsində yaradılan şəraitlə tanış olmuşlar.