Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Quşçu və Düz Qırıqlı kəndlərində hesabat yığıncaqları keçirilib

28 yanvar 2020 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısının  Aşağı Quşçu və Düz Qırıqlı kənd  İƏD üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir.

Aşağı Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin  yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında ərazidə yaşayan əhalinin bütün qruplarının təmsilçiləri və xidmət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Hesabat məruzəsi ilə RİH başçısının Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəsi Ələsgər Haqverdiyev çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, eyni zamanda rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilmiş, Aşağı Quşçu kəndinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur. 

Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun  təşəbbüsü ilə 2019-cu ildə Aşağı Quşçu kəndinin 2,3 kilometr uzunluğunda olan mərkəzi küçəsinə yeni asfalt-beton örtük salınmış, İ. Mürşüdov adına 1176 şagird yerlik kənd tam orta məktəb binasının əsaslı təmirinə başlanılmışdır. Kənd ərazisində üzüm emalı müəssisəsi açılmış, 3 min tondan çox tutumu olan soyuducu anbarlar fəaliyyət göstərir. Kənddə vətəndaşlara məxsus 1604 ha pay torpağı, 309 ha həyətyanı torpaq sahəsi, 740 ha örüş sahəsi vardır. Hesabat ilində 550 ha sahəyə taxıl, 240 ha kartof, 141 ha yonca, 55 ha qarğıdalı əkilmiş, 66 ha sahədə meyvə bağları salınmışdır. Meyvə bağlarından 100 tondan çox xurma tədarük edilərək xarici ölkə bazarlarına çıxarılmışdır. 450 ha sahədə üzüm becərilir. Keçən il 9 min ton məhsul əldə olunmuşdur. İstehsal olunan məhsul daxili bazarlarla yanaşı həm də xarici bazarlara ixrac olunmuşdur. Bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əvvəlki illərlə müqayisədə xeyli irəlləyişlər müşahidə olunur.

Məruzədə sakinlərin sosial-müdafiəsi sahəsində görülən işlər, onların ailə və əmlak vəziyyətinə dair arayışların verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, səlahiyyətləri daxilində notariat əməliyyatların aparılması vətəndaşların müraciətlərinə baxılması və digər işlər barədə ətraflı məlumat verilmişdir.

Hesabat yığıncağında kənd sakinləri Tahir Abdullayev, Vidadi Quliyev, Nazilə Məmmədova, Tağı Quliyev, Novella Vəliyeva və başqaları çıxış edərək əhalinin sosial müdafiəsi sahəsində və kənd sakinlərinin həyat şəraitinin yaxşılşadırılması istiqamətində görülən işlərdən razılıqlarını ifadə etmiş, dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.  Sakinlər su arxlarının betonlanması, kənddaxili küçələrin təmiri, içməli su xəttlərinin qaydaya salınması, “Ocaqlı” adlanan ərazidə subartezian quyusunun təmir olunması, kəndin küçələrindəki tullantıların götürülməsi barədə təkliflər  səsləndirmişlər.

Hesabat yığıncağında rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri, Şura üzvü Fərman Qurbanov iştirak və çıxış etmişdir.

Düz Qırıqlı kəndində keçirilən hesabat yığıncağında məruzə ilə çıxış edən nümayəndə Elçin Xasıyev Düz Qırıqlı kəndində həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən, sosial-iqtisadi inkişafdan konkret faktlar göstərərək nümayəndəliyin fəaliyyətində başlıca diqqətin kənd sakinlərinin rifah halının yüksəldilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldildiyini qeyd etmişdir.

Kənd icra nümayəndəliyinin fəaliyyəti “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq qurulmuş, müvafiq qanunvericilik aktları və rəhbər təşkilatların tapşırıq və göstərişləri müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Hesabat yığıncağı açıq fikir mübadiləsi və diskusiyalar şəraitində keçmiş, sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, müəyyən sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini səsləndirmiş, fikirlərini bölüşmüşlər.

Yığıncaqda rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Svetlana Verdiyeva iştirak və çıxış etmişdir.

Keçidlər