Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlı və Abulbəyli kəndlərində hesabat yığıncaqları keçirilib

21 yanvar 2020 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısının  Bayramlı və Abulbəyli kənd  İƏD üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir.

Bayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin  yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında ərazidə yaşayan əhalinin bütün qruplarının təmsilçiləri və xidmət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Hesabat məruzəsi ilə RİH başçısının Bayramlı kənd İƏD üzrə nümayəndəsi Bəxtiyar Abdıyev çıxış etmişdir. Qeyd olunmuşdur ki, nümayəndəlik ötən ildə öz fəaliyyətini “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq qurmuşdur. Ötən il ərzində aidiyyatı üzrə Azərbaycan Respublikası Qanunlarının, Prezident Sərəncamlarının, hökumət qərarlarının və rayon icra hakimiyyətinin başçısının göstəriş və tapşırıqlarının ərazidə yerinə yetirilməsi təmin edilmişdir.

Bayramlı kəndində sosial infrastrukturun möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə davamlı qaydada təmin olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı sahəsində kifayət qədər işlər görülmüşdür. Kənddə 805 təsərrüfatda 2901 vətəndaş yaşayır. Bayramlı kəndində 1 həkim ambulatoriyası, 1 mədəniyyət evi, 1 kitabxana, poçt , ATS və 2 tam orta məktəb fəaliyyət göstərir.

  B. Abdıyev kəndin əhalisinin əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğunun qeyd edərək, ötən ildə kənd ərazisində 410 ha taxıl, 60 ha kartof, 20 ha arpa, 20 ha tərəvəz, 10 ha sahədə yonca əkilmişdir. Sakinlərə məxsus 1148 baş mal-qara, 3390 baş xırda buynuzlu heyvanlar, 7960 baş ev quşları, 655 arı ailəsi qeydə alınmışdır. Kənd təsərrüfatının bütün istiqamətlərində əvvəlki ilə nisbətən artım müşahidə edilmişdir.

Məruzədə vətəndaşlara onların ailə və əmlak vəziyyətinə dair arayışların verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, səlahiyyətləri daxilində notariat əməliyyatların aparılması vətəndaşların müraciətlərinə baxılması və digər işlər barədə ətraflı məlumat verilmişdir.

Hesabat yığıncağında kənd sakinləri Nazim Vəliyev, Ramiz  Məmmədov, Xatirə Həsənova, Nürəddin Rzayev, Nürəddin Qasımov çıxış edərək əhalinin sosial müdafiəsi sahəsində və kənd sakinlərinin həyat şəraitinin yaxşılşadırılması istiqamətində görülən işlərdən razılıqlarını ifadə etmiş, dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.  Sakinlər kəndin içməli və suvarma su probleminin aradan qaldırılması məqsədilə 3 ədəd subartezian quyusunun qazılması, elektrik təsərrüfatının yenilənməsi, körpələr-evi uşaq bağçasının açılması, Elşad Orucov adına Bayramlı kənd tam orta  məktəbinin əsaslı təmir olunması, həkim məntəqəsi üçün bina tikilməsi və ixtisaslı həkim təyin olunması, 40 nəfərə yaxın əhalinin yaşadığı yeni yaşayış massivinin qazlaşdırılması barədə təkliflər  səsləndirmişlər.

Hesabat yığıncağında rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Ceyhun Zeynalov iştirak və çıxış etmişdir.

Tovuz rayon İcra Hakimiyyəti başçısının Abulbəyli kənd İƏD üzrə nümayəndəsi Elcan Musayev məruzəsində Abulbəyli kəndində həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən, sosial-iqtisadi inkişafdan konkret faktlar göstərməklə ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, fəaliyyətdə başlıca diqqət insanların rifah halının yüksəldilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilmişdir. Keçən il Abulbəyli kəndi ərazisində davamlı ekoloji tədbirlər həyata keçirilmiş, M.F.Axundov və Mərdan Musayev küçələrində əsaslı təmir işləri aparılmışdır. Regionların inkişafına dair Dövlət Proqramlarının icrası çərçivəsində Aşıq Hüseyn Boizalqanlı adına aşıq sənəti dövlət muzeyinin tikintisi başa çatdırılmış və istismara hazır vəziyyətdədir. Eyni zamanda kəndin ərazisindəki 1200 şagird yerlik Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin binası Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən tikilir. Ərazidəki Nizami adına mədəniyyət evinin isə növbəti mərhələdə əsaslı təmirinin davam etdirilməsi nəzərdə tutulur.

Kənd icra nümayəndəliyinin fəaliyyəti “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq qurulmuş, müvafiq qanunvericilik aktları və rəhbər təşkilatların tapşırıq və göstərişləri müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Tədbirdə çıxış edən kənd sakinləri Vüsalə Abbasova, Məhəbbət Məhərrəmova, Əli Vəliyev, Lətifə Məhərrəmova çıxış edərək elektrik təsərrüfatının yenilənməsi, suvarma və içməli su təminatı, küçələrin işıqlandırılması və digər təkliflərlə çıxış etmişlər.

Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı aparatının nümayəndəsi Rəna Məmmədova iştirak və çıxış etmişdir.

Keçidlər