İnzibati ərazi dairələri üzrə nümayəndəliklər yerli əhali qarşısında hesabat verirlər
Tovuz rayon İcra Hakimiyyəti başçısının Azaflı və Xatınlı kənd İƏD üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqlarında yerli əhalinin bütün zümrələrini təmsil edən sakinlər iştirak etmişlər.
Azaflı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında ərazidə yaşayan əhalinin bütün qruplarının təmsilçiləri və xidmət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Hesabat məruzəsi ilə RİH başçısının Azaflı kənd İƏD üzrə nümayəndəsi Əhliman Hüseynov çıxış etmişdir. Qeyd olunmuşdur ki, keçən il Azaflı kəndində sosial infrastrukturun möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə davamlı qaydada təmin olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı sahəsində kifayət qədər işlər görülmüşdür. Kənddə uşaqların icbarı təhsilə cəlb edilməsi, əhaliyə göstərilən səhiyyə, poçt və rabitə xidməti normal vəziyyətdədir. Məruzədə vətəndaşların müraciətlərinə baxılması, ərazidə ekoloji tədbirlərin həyata keçirilməsi və məişət tullantılarının zərərsizləşdirilməsi, vətəndaşlara onların ailə və əmlak vəziyyətinə dair arayışların verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, səlahiyyətləri daxilində notariat əməliyyatların aparılması və digər işlər barədə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, keçən il ərzində aidiyyatı üzrə Azərbaycan Respublikası Qanunlarının, Prezident Sərəncamlarının, hökumət qərarlarının və rayon icra hakimiyyətinin başçısının göstəriş və tapşırıqlarının ərazidə yerinə yetirilməsi təmin edilmişdir.
Hesabat yığıncağında kənd sakinləri Adil Əsgərov, Elşən Hüseynov, Ceyhun Quliyev, Camal Əliyev, Zakir Abdullayev, Əkbər Mustafayev və başqaları çıxış edərək əhalinin sosial müdafiəsi sahəsində və kənd sakinlərinin həyat şəraitinin yaxşılşadırılması istiqamətində görülən işlərdən razılıqlarını ifadə etmiş, dövlət başçısına minnətdarlıqlarını bildirmişlər. Sakinlər əkin sahələrinin suvarma suyu təminatının yaxşılaşdırılması, tibb məntəqəsinin tikilməsi, məktəbdə ingilis dilinin tədrisinin təşkili, rabitə xidmətinin yaxşılaşdırılması barədə təkliflər səsləndirmişlər.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Nəriman Eyvazov iştirak və çıxış etmişdir.
Tovuz rayon İcra Hakimiyyəti başçısının Xatınlı kənd İƏD üzrə nümayəndəsi Nemət Həbibzadə 2019-cu ilin yekunlarına dair məruzəsində Xatınlı kəndində həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən, sosial-iqtisadi inkişafdan konkret faktlar göstərməklə ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, fəaliyyətdə başlıca diqqət insanların rifah halının yüksəldilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə, ictimai-siyasi həyatın daha da sağlamlaşmasına yetirilmişdir. Regionların inkişafına dair Dövlət Proqramlarının icrası çərçivəsində yaradılan yeni iş yerləri, sosial-mədəni obyektlər xalqa xidmət etməklə Tovuzun və onun kəndlərinin simasını daha da gözələşdirmiş, rayonun iqtisadi potensialını artıraraq böyük inkişafa təkan vermişdir.
Tədbirdə çıxış edən kənd sakinləri Vətənimizin qüdrətlənməsi sahəsində gördükləri misilsiz işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlərdən Ramiz Qələndərov, Yaşar Məmmədli, Sabir Əhmədov, Mirzaman Əhmədov və başqaları kənd xəstəxanasında kadr çatışmazlığı, suvarmada müasir texnologiaların tətbiq edilməsi, elektrik təsərrüfatının yenilənməsi və digər təkliflərlə çıxış etmişlər.
Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı aparatının nümayəndəsi Bəhruzər Rüstəmov iştirak və çıxış etmişdir.