Bayramlı kəndində səyyar qəbul-görüş keçirilmişdir
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü Bayramlı kənd sakinlərinin iştirakı ilə keçirildi. Bu görüşdə İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov ilk öncə müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolundan, ölkəmizdə həyata keçirilən qlobal layihələrin əhəmiyyətindən, beynəlxalq aləmdə əldə olunan nailiyyətlərdən danışmışdır. İH başçısı çıxışında ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır.
Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Bayramlı kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar suvarma suyu, subartezian quyusunun qazılması, məktəb binasının təmiri, kənddə uşaq bağçasının açılması, elektrik enerjisi, mübahisəli torpaq məsələsi, iş və başqa mürəciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.