Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm tədbir keçirildi

30 dekabr 2019 | 16:00

Bu gün Tovuz rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibəti ilə ümumrayon tədbiri keçirildi. Heydər Əliyev Meydanında təşkil olunmuş bayram tədbirini giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov ilk öncə hər kəsi bu əlamətdar bayramlar münasibəti ilə ürəkdən təbrik edib.

Cənab M. Məmmədov bildirilib ki, dünya   azərbaycanlılarının  həmrəyliyi  günü   ümummilli   liderimiz  Heydər  Əliyevin  adı  ilə  bağlıdır və 31  dekabr  Azərbaycan  xalqının, dünyanın ayrı-ayrı  ölkələrində yaşayan  50 milyondan çox azərbaycanlının həmrəylik   tarixidir.

Başa çatmaq üzrə olan 2019-cu il Respublikamız üçün uğurlu il olmuşdur. 2019-cu ildə möhtərəm Prezidentimizin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən ardıcıl tədbirlər davam etdirilmiş, enerji ehtiyatlarımızın dünya bazarlarına çıxarılmasında müstəsna əhəmiyyətə malik Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP layihəsi istifadəyə verilmişdir. Dünyada baş verən iqtisadi böhranlara baxmayaraq, Azərbaycan öz iqtisadi inkişaf tempinə görə dünyanın aparıcı dövlətləri sırasına çıxmışdır. 2019-cu il tarixi hadisələrlə zəngin olmuşdur. Bu sırada Qoşulmama Hərakatının Zirvə Görüşünün Bakıda keçirilməsi böyük tarixi hadisədir. Azərbaycan 120 ölkənin yekdil dəstəyi ilə bu nüfuzlu quruma 3 il ərzində sədrlik edəcəkdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü paytaxtımızda baş tutmuşdur.  Beynəlxalq aləmi təmsil edən hər iki tədbirin Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz əsasında həlledilməsi öz əksini tapmışdır.

2019-cu ildə cəmiyyətimizə möhtəşəm sosial islahatlar paketi təqdim olunmuşdur. Bu islahatlar 4 milyondan artıq vətəndaşımızı əhatə etmiş və onların həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Bu nailiyyətlərin və inkişafın təməlində cənab Prezidentin siyasi iradəsi, qətiyyəti və Azərbaycan vətəndaşına olan qayğısı dayanır.

Azərbaycanda  Birinci vitse-prezident institutunun fəaliyyəti nəticəsində dövlətin sosial siyasəti daha davamlı xarakter almış, ölkəmizdə əlavə sosial müdafiəyə ehtiyacı olan əhali qrupunun rifahı yaxşılaşmışdır.  Xalqın mənafeyinə  cavab  verən, sosial sifarişdən doğan  bu  kompleks tədbirlərin görülməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində mümkün olmuşdur.

2019-cu il   rayonumuz üçün  də uğurlu  bir il olmuşdur. Bu il də rayonumuzda geniş tikinti-abadlıq və  quruculuq işlərinin aparılması, sosial xarakterli obyektlərin tikintisinin davam etdirilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

Arxada qalan 2019-cu ildə Alakol kəndində 624 şagird yerlik müasir məktəb kompleksi tikilib istifadəyə verilmişdir. Dağ kəndlərimizdə 2 modul tipli məktəb binası tikilmiş və modul tipli məktəblərin sayı 11-ə çatdırılmışdır. Hazırda 1200 şagird yerlik Yusif Sadıqov adına məktəbin tikintisi aparılır. Eyni zamanda 1176 şagird yerlik Aşağı Quşçu kənd kənd məktəbində,  624 şagird yerlik Köhnəqala kənd məktəbində, 624 şagird yerlik Dondar Quşçu kənd  məktəbində əsaslı təmir işləri görülür.  

Yaxın gələcəkdə kəndlərarası yolların asfaltlanması işləri başa çatdırılcaqdır. İndiyədək 200 kilometrdən artıq yollarımız əsaslı təmir olunmuşdur. Cənab Prezidentin qayğısı nəticəsində bu il rayonun ucqar dağ kəndləri olan Ağacqala, Sarıtala, həmçinin Haçaqaya ziyarətinə gedən yollarda əsaslı təmir işləri aparılmışdır. Bu layihələrin icrası ərazinin sosial-iqtisadi inkişafına əvəzsiz töhfələr verir.

Yola salmaqda olduğumuz ildə rayonumuz və region üçün böyük əhəmiyyətə malik  Tovuz “ASAN xidmət” mərkəzi, Dövlət Rəmzləri Muzeyi, Tovuz Aqroparkı, Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Sənəti Dövlət Muzeyi, 120 yerlik körpələr evi-uşaq bağçası üçün müasir bina və digər sosial obyektlər tikilmişdir. Bundan başqa toxum emalı müəssisəsi, Dənli Bitkilərin Emalı Fabriki də yaradılmışdır.

2019-cu ildə Tovuz və Qovlar şəhərlərində abadlıq işləri davam etdirilmiş, ekoloji tədbirlər görülmüş, işıqlandırma sistemləri qaydaya salınmışdır.

Rayonda  qeyri-neft sektoruna  və aqrar sahəyə başlıca diqqət yetirilmiş,  taxılçılığın, kartofçuluğun, meyvəçiliyin, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq ciddi tədbirlər görülmüşdür. Rayonumuzda  əldə edilən  nailiyyətlərə və həyata keçirilən bütün bu işlərə görə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk.

Sizin hər birinizi  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.  Qoy bu Yeni ilimiz  xalqımıza daha böyük tərəqqi,  hər bir ailəyə xoşbəxtlik gətirsin, ölkəmiz həmişə inkişaf edərək çiçəklənsin!

Hər birinizə  yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

Sonra tədbir Respublikanın əməkdar artisti və incəsənət ustalarının, rayon mədəniyyət mərkəzinin işçilərinin, bədii özfəaliyyət kollektivlərinin  təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.



 

Keçidlər