Tovuzda Ombudsmanın Gəncə regional mərkəzi seminar keçirmişdir
Azərbaycan Respublikasının Ombudsmanının Gəncə regional mərkəzi Tovuz rayon İcra Hakimiyyəti ilə birgə “Seçki hüququnun həyata keçirilməsi” mövzusunda Tovuz Gənclər evində seminar keçirmişdir.
Tədbirdə Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirin məqsədi barədə danışaraq qeyd etmişlər ki, Azərbaycan Respublikası indi dünya birliyinin tam hüquqlu üzvü kimi demokratik dəyərləri daha da inkişaf etdirir. Seçki kampanyaları həmişə cəmiyyətdə ictimai-siyasi fəallığı artırır və hər bir seçki də demokratiyanın daha da dərinləşməsində, əhalinin hüquqi maariflənməsində mühüm rol oynayır. Bu il dekabr ayının 23-də Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçiriləcəkdir. Ölkəmizin həyatında mühüm ictimai-siyasi tədbir olan bələdiyyə seçkilərində səsvermə hüququ olan vətəndaşlarımızın, xüsusilə də ilk dəfə səs verəcək gənclərin hüquqi maarifləndirilməsinə, səsvermə prosesi barədə məlumatlılığın artırılmasına ehtiyac vardır. Ona görə də Azərbaycan Ombudsman təsaisatı yerli icra hakimiyyəti ilə birlikdə seçki hüququ üzrə belə maarifləndirmə tədbiri keçirir.
Seminarda 105 saylı Tovuz dairə seçki komissiyasının baş məsləhətçisi Püstə Pənahova Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqi izahatlar vermişdir.
Sonda ilk dəfə səs verəcək gəncləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır.