Tovuzda baramaçılığın inkişafı məqsədilə tut tingləri əkilir
Tovuzda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu ilin payız mövsümündə rayonun ərazisində tut tinglərinin əkilməsinə başlanmışdır.
Bu məqsədlə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tingindən 5 mini Tovuz rayonuna verilib. Bölgü əsasında fermer təsərrüfatlarına, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tinglərin əkini isə artıq başa çatmaq üzrədir. Tut tinglərinin əkin prosesi əsasən rayonun Əlimərdanlı, Hunanlar, Düz Cırdaxan, Aran və digər kəndlərində aparılıb. Yeni salınmış tut bağlarının suvarılması təşkil olunmuşdur.
Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 3 min ədəd yerli cinslərdən olan tut tinglərinin əkilməsi yaxın günlərdə həyata keçiriləcək.
Qeyd edək ki, baramaçılığın inkişaf etdirilməsi Tovuz rayonunda prioritet məsələlərdən hesab olunur. Belə ki, rayon üzrə 2019-cu ildə 11,554 ton barama istehsal olunub.
İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016, 2017, 2018-ci illərdə rayon ərazisində 16 min ədəd Çin Xalq Respublikasından gətirilmiş, 8500 ədəd yerli tut şitilləri əkilib. Rayondakı mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.