Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Nəsimi ili”ndə 650 min ağac əkilməsi kampanyası mütəşəkkil keçdi

06 dekabr 2019 | 16:00

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi çərçivəsində 650 min ağac əkilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə tovuzlular da mütəşəkilliklə qoşulmuşlar.

Dekabr ayının 6-da keçirilməsi planlaşdırılan həmin aksiyaya rayon sakinləri əvvəlcədən yüksək coşqunluqla hazırlaşaraq hər cür təşkilati işləri görmüşlər. Ağac əkiləcək sahələr müəyyənləşdirilərək lazımi hamarlama işləri görülərək lazımi miqdarda çalalar qazılmış, əkin materalı, ağac şitil və tingləri tədarük olunmuşdur.

Bu gün isə 2000 nəfərdən artıq tovuzlu rayonun Qovlar şəhəri, Aşağı Mülkülü, Əsrik Cırdaxan və Yuxarı Öysüzlü və rayonun digər kəndləri ərazisində “Təbiətə öz töhfəni ver”, “Nəsimi 650-ağac 650000”, “Nəsimi ili”ndə 650 min ağac əkək!” çağırışları altında mütəşəkilliklə ağacəkmə kampanyasına qoşulmuşlar. Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yeni salınan yaşıllıq zonaları və meşə zolaqlarının hər birində tədbir iştirakçıları ilə birgə ağaclar əkmiş və onları suvarmışdır. 

Rayonun idarə, müəssisə kollektivləri, gənclər, veteranlar və qadınların nümayəndələri böyük ruh yüksəkliyi ilə həmin aksiyada iştirak etmişlər. Ağac əkilən sahələrdə aşıqlar, zurnaçı dəstəsi və digər musiqiçilər öz ifaları ilə həmin tədbirə əlavə bayram ovqatı qatmışlar. Açıq sahədə işləyənlərə xidmət üçün səyyar çadırlar qurulmuş, xidmət işçiləri ağacəkənləri samovar çayına qonaq etmişlər. İnsanlar bu tədbirdə böyük sevinc və həvəslə iştirak edərək dekorativ ağaclarla yanaşı, bar verən meyvə ağacları da əkmişlər.

Ümumxalq tədbirində iştirak edən tovuzlular yeni əkilmiş ağacları  suvararaq diblərinə kiçik arxlar çəkmişlər.

Həmin gün rayon ərazisində 10 min ədəddən artıq ağac əkilmişdir.


Keçidlər