Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon icra başçısı yanında Gənclərin Məşvərət Şurasının yaradılması layihəsi müzakirə edilmişdir

02 dekabr 2019 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə görüşmüşdür.

İlk öncə qonaqları salamlayan M. Məmmədov qeyd etmişdir ki, bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində müxtəlif dövlət proqramlarının icrası uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edir.

Müasir gənclər cəmiyyətin aparıcı qüvvəsi olaraq hər zaman yenilik və müasir düşüncəyə malik olan ideyaların həyata keçirilməsində ön sırada gedirlər. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərə yüksək etimad göstərilməsi və bütövlükdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, cəmiyyətə inteqrasiyası, onların qayğıları ilə bağlı görülən işlər çox diqqətəlayiqdir. Gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılan şərait və imkan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətidir. 

Sonra Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova səmimi qəbula görə rayon rəhbərinə təşəkkür edib və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və UNİCEF-in maliyyə dəstəyi il “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi haqqında məlumat verib.

M. Məcidova bildirib ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraların yaradılması” layihəsi gənclər təşkilatlarının region gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, gənclər arasında maraq doğuran məsələlərin həllində onların yerli hakimiyyət orqanlarına dəstəyi, region gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, gənclərin maarifləndirilməsi və ictimai fəaliyyətə cəlb olunması, regionlarda insan resurslarının inkişafına təkan verilməsi məqsədilə təşkil olunur.

Layihə Tovuz rayonu ilə yanaşı Bakı şəhərinin Xəzər, Şəmkir, Qazax, və Biləsuvar rayonlarını əhatə edəcək.

Sonda iştirakçılar  Gənclərin Yerli Məşvərət Şurasının fəaliyyət dairəsi və onun yerli hakimiyyət orqanları ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

Keçidlər