Tovuzda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin rayon filialının hesabat yığıncağı keçirildi
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının 2019-cu ilin yekunlarına dair hesabat yığıncağı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Tovuz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək Vətən torpağı uğrunda qurban gedənlərin xatirəsini ehtiramla yad etmişlər.
Tovuz rayon Heydər Əliyev Mərkəzində davam edən tədbiri Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev açmışdır və Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin, Vətən uğrunda həlak olanların əziz xatirəsi bir dəqqiqəlik sükutla yad edilmişdir.
Ə. Əliyev rayon filalının cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etmişdir. Ulu öndər Heydər Əliyevin veteranlara, şəhid ailələrinə və Qarabağ əlillərinə daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Diqqətə çatdırıldı ki, cənab Prezidentin cari ildə imzaladığı sosial paketlərin tələblərinə uyğun olaraq şəhid ailələri, müharibə veteranları və Qarabağ əlilləri hərtərəfli qayğı ilə əhatə olunmuş, onların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, onlar mənzillərlə təmin olunaraq minik avtomobilləri hədiyyə edilmişdir və bu proqram ardıcıl şəkildə uğurla davam etdirilir.
Tovuz rayonunda da şəhid ailələrinə, Qarabağ əlillərinə və müharibə veteranlarına hərtərəfli diqqət və qayğı göstərilir. Onların müraciətlərinə həssaslıqla baxılaraq qanuni tələbləri dərhal yerinə yetirilir və həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində konkret işlər görülür.
Yığıncaqda Şəhid anası Zərifə Axundova, Qarabağ əlilləri Nazir Abdıyev, Kamal Həsənov, Xaliq Həsənov çıxış edərək onlara göstərilən qayğıya görə cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini B. Rüstəmov qeyd etmişdir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz filialının nüfuzunun yüksəldilməsi, fəallığının artırılması istiqamətində Tovuzda mühüm addımlar atılmışdır. Veteranların sosial problemlərinin həlli, onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində daha yaxından iştirakına müsbət təsir göstərib. Rayondakı bu ictimai birlik gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün bir sıra yaddaqalan tədbirlər keçirib.
Cənab Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində etdiyi nitqdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsini bir daha aktual məsələ olaraq diqqətə çatdırmışdır. Ona görə də nüfuz sahibi olan bu ictimai birliyin nümayəndələri də Vətənə layiq övladlar yetişdirilməsində öz sözlərini deməlidirlər.
Yığıncaq iştirakçıları yekdilliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul etmişlər.