Tovuzda Ekoloji tarazlıq qorunur
Ulu öndər Heydər Əliyev demişdir: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyan olasınız” Respublikada fauna və floranın, ümumiyyətlə Ekologiyanın qorunması daim ümummilli liderin diqqət mərkəzində olmuşdur. Bu baxımdan onun müvafiq sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. Nazirlik yaradıldıqdan sonra Azərbaycanda ana təbiətin qorunması istiqamətində çox ciddi işlər aparıldı. Bu gün Heydər Əliyev kursunun laiqli davamçısı, Dövlətimizin başçısı cənab İlham Əiiyev ölkəmizin ekoloji durumunun yaxşılaşdırılması üçün bir sıra mühüm qərar və sərəncamlara imza atır. Bir məsələni də xüsusi ilə qeyd etmək lazımdır ki, Heydər Əliyev fondunun prezidenti Mehriban Xanım Əliyevanın eləcədə fondun Birinci-Vitse Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə hər il ölkədə yüz minlərlə müxtəlif növ ağaclar əkilərək yüksək səviyyəli qulluq göstərilir ki, bu da xüsusi gözəllik yaratmaqla yanaşı həm də ekoloji tarazlığın qorunmasına öz tövhəsini verir. Respublikanın hər yerində olduğu kimi, qərb bölgəsində də bu işə həssas yanaşılır. Bu günlərdə Tovuz Regioanal Meşə Təsərrufatı Mərkəzinin işi ilə yaxından tanış olmaq üçün rayona yollandıq. Bizi Mərkəzin drektoru Məmməd Tağıyev səmimi qarşılayaraq görülən işlər haqqında məlumat verdi.
Məmməd Tağıyev Ekologiya sahəsində 32 il iş stajına malıkdır. O, Leninqrad (Sankt-Peterburq) Meşə Texnologiyası Akademiyasının meşəçilik fakultəsini bitirmiş, meşəçi-mühəndis ixtisasına yiyələnmişdir. İlk əmək fəaliyyətinə Tovuz rayonunda meşə ustası kimi başlamışdır. Bir sıra vəzifələrdə çalışan M.Tağıyev 2011-ci ildə Tovuz Meşə Mühafizəsi, Bərpası Müəssisənə drektor təyin olunmuşdur. 2018-ci ilin iyun ayında Tovuz Regioanal Meşə Təsərrufatı Mərkəzinə drektor təyin olunmuşdur. Çalışdığı bütün dövrlərdə onun rəhbərliyi ilə minlərlə hektar yeni meşə massivi salınmışdır.Hazirda müəssisə 3 rayonu - Ağstafa, Qazax və Tovuz rayonlarını əhatə edir. Müəssisənin balansında region üzrə 41229 ha meşə fondu vardır. Bundan 30609 ha Tovuzda , 6603 ha Qazaxda, 4033 ha Ağstafada mövcuddur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Qazax rayonuna məxsus olan meşə massivivnin 2224 hektarı mənfur ermənilər tərəfindən işğal olunmuş və vəhşicəsinə meşələr məhv edilir.
Mərkəzdə 148 nəfər işci fəaliyət göstərir. Müsahibim bildirdi ki, müəssisənin əsas vəzifəsi mövcud meşələrin mühafizəsi və yeni meşə massivinin salınmasıdır. Meşələrdə əsasən qurumuş xəstə və yıxılmış ağaclardan oduncaq kimi istifadə olunur. Müəssisəyə ərizə ilə müraciət edən vətəndaşlar və müəssisələr dəyəri əvvəlcədən idarənin bank hesabına ödənilməklə satış orderi əsasında oduncaq əldə edə bilirlər. Hər il yaz-payız mövsümündə on minlərlə müxtəlif növ ağaclar əkilir. Əkilən ağaclar müəssisəyə məxsus tinglik sahəsində yetişdirilir. Burada əsasən şam, sərv, göyrüş, tuya, qoz, badam, ərik, xurma və s. tinglər yetişdirilərək region üzrə istifadə olunur. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin göstərişi əsasında Respublikanın digər bölgələrinə , rayon icra hakimiyyətlərinə və başqa meşə bərpası idarələrinə təmənnasız verilir. Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yübileyi ilə əlaqədar Respublikanın hər yerində ağac əkini həyata keçirilir.
Bu məqsədlə Tovuz R.M.T.M tərəfindən Şamaxı rayonuna şam, tuya, sərv ağacları olmaqla 15000 ədəd, Qazax rayonuna 3000 ədəd şam və tuya , Ağstafa rayonuna 4000 ədəd katalpa, göyruş, ərik, tuya, Tovuz rayonuna 5000 ədəd şam və tuya ağacları verilmişdir. Müəssisənin drektoru qeyd etdi ki, Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən Respublika üçün ənənəvi sahə sayılan ipəkçiliyin inkişafı son illərdə əsl yüksəliş dövrünü yaşayır. Məlumdur ki , yem bazasının yaradılması vacib şərtlərdəndir. Bu baxımdan müəssisə tinglikdə 30 min ədəd tut tinginə yüksək aqrotexniki qulluq göstərir. Bundan başqa Kənd Təsərufatı Nazirliyinin xətti ilə Tovuz rayon icra hakimiyyətinə Çin Xalq Respublikasından gətirilmiş 5000 ədəd tut tingi meşə fondu ərazisində əkilmiş, göstərilən yüksək aqrotexniki qulluq nəticəsində sevindirici nəticə əldə olunmuşdur. Hazirda payız əkin kompaniyasına start verilmişdir. Regional müəssisə olaraq Qazaxda 10 ha , Ağstafada 25 ha , Tovuzda 45 ha sahədə yeni meşə massivi salınır. 15 ha palid səpini, 30 ha müxtəlif meyvə cinsindən aqrobağ, yerdə qalanı meşə cinsindən olan ağaclar əkilir. Artıq 30 ha yaxın sahədə ağac əkini uğurla həyata keçirilmişdir. Müsahibim qeyd etdi ki, meşələrin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdur. Bu gün qanunsuz ağac kəsimindən söhbət gedə bilməz. Ölkəmizin hər yerində olduğu kimi qərb bölgəsində də yaşayış məntəqələrinin daimi qaz və işiqla təminatı meşəçilərin işini bir qədər də asanlaşdırır.
Sonda Məmməd Tağıyev bildirdi ki, Azərbayvcan Ekologiyasının qorunması istiqamətində bundan sonra da meşə massivlərinin zənginləşdirilməsini qarşımıza məqsəd qoymuşuq.
Vəli Vəliyev
“Respublika”