Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda icra nümayəndələrinin tərəfindən torpaq sahələrinin icarəyə verilməsi haqqında müqavilənin təsdiq edilməsi barədə İH başçısının nümayəndələrinin iştirakı ilə təlim keçirilmişdir

22 noyabr 2019 | 16:00

Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanunu ilə “Notariat haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən bəzi notariat hərəkətlərinin icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən təsdiq edilməsinin təşkili ilə əlaqədar təlim keçirilmişdir.

Təlimdə qeyd edilmişdir ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına müvafiq olaraq 2020-ci ildən aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı formalaşdırılacaq yeni mexanizm əsasında subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin alt sistemi olan “Subsidiya İnformasiya Sistemi” vasitəsi ilə verilməsi həyata keçiriləcəkdir. Hazırda fermerlərin sistemdə qeydiyyatı həyata keçirilir. Bundan sonra hüquqi torpaq sahələrinə istifadə hüquqlarını (mülkiyyət, icarə, istifadə) təsdiq edən sənədlərə əsasən subsidiyaların hesablanması nəzərdə tutulur.

Yerlərdə notariat hərəkətlərini həyata keçirən İcra hakimiyyəti başçısının nümayəndələri tərəfindən torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi barədə müqavilənin təsdiq edilməsi qaydaları ətraflı müzakirə edilmişdir. Qeyd edilmişdir ki, müvafiq qanunvericilikdə ərazi icra nümayəndələrinə notariat kontorları olmayan yaşayış məntəqələrində “sahəsi 5 hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri” təsdiq etməklə bağlı notariat hərəkətlərinin aparılması səlahiyyəti verilmişdir.

Notariat əməliyyatlarının rayon icra hakimiyyətinin başçısının nümayəndələri ilə aparılmasının proseslərin sadələşdirilməsinə, əlavə xərclərin və vaxt itkisinin aradan qaldırılmasına xidmət edəcəyi qeyd olunmuş və bu istiqamətdə lazımi hüquqi izahatlar verilmişdir.

Keçidlər