Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda YAP-ın yaranmasının 27-ci ildönümü qeyd edilib

21 noyabr 2019 | 16:00

Bu münasibətlə keçirilən tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.

Heydər Əliyev mərkəzində davam edən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaranmasından keçən 27 il partiyamız və xalqımız üçün şərəf və ləyaqət illəridir. Bu dövr Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi, dünya birliyində söz sahiblərindən birinə çevrilməsi, bütün sahələrdə böyük uğurlara imza atması dövrüdür. Bu uğurların əldə olunmasında Ulu Öndərimizin yaratdığı və bizlərə əmanət etdiyi Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri var. Partiyanın yaranmasının ildönümünü qeyd edərkən biz ilk növbədə Ümummilli Liderimiz Heydər Əliyevi sonsuz bir məhəbbətlə yad edirik. Onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri mühüm zəfərlər, böyük nailiyyətlər, uzun dövr üçün hesablanmış iqtisadi inkişaf və müstəqil dövlətçilik səlnaməsidir. Bu gün Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edən və bir zamanlar ümid partiyası kimi qəbul olunan Yeni Azərbaycan Partiyası artıq inam partiyasına çevrilib. YAP öz lideri, prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan quruculuğu işində, ölkədə islahatların yeni mərhələsinin həyata keçirilməsində əzmkarlıqla fəaliyyət göstərir. Bizim hər birimizin borcu bu mübarizədə yaxından iştirak etmək, qarşıdakı böyük məqsədlərə çatmaq yolunda fədakarlıq göstərməkdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası özündən əvvəl yaranmış siyasi partiyalardan fərqli olaraq xalqın istəyi və sifarişi ilə yaranmış bir partiyadır. O birbaşa bütün xalqın maraqlarının ifadəçisi formasında meydana çıxdı və xalqın partiyası statusunu aldı. Yeni Azərbaycan Partiyasının yaranmasını xarakterizə edən iki fundamental amildən biri xalq, ikincisi isə Heydər Əliyevin timsalında şəxsiyyət amilidir. Bu gün də xalq-lider-partiya birliyi böyük güclə ölkəmizin yüksəlişinə, tərəqqisinə və vətəndaşlarımızın rifahına xidmət edir.

Tədbirdə çıxış edən partiya veteranı, partiyanın rayon təşkilatının yaradılması üzrə təşkilat komitəsinin üzvü Niftalı Qasımov partiyamızın yaranması tarixindən, onun meydana gəlməsi zərurətindən danışmış, bu sahədə fədakarlıq göstərmiş insanların əməyinin Ulu Öndərimiz tərəfindən yüksək qiymətləndirilməsini bir daha diqqətə çatdırmışdır. O, Yeni Azərbaycan Partiyasının hazırda çox böyük mütəşəkkil qüvvə olduğunu bildirməklə yanaşı hər kəsin, o cümlədən gənclərin partiya ətrafında daha sıx birləşərək, ümumi məqsədlər naminə mübarizənin gücləndirilməsi zərurətindən danışıb.

Sonra tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və Gənclər Birliyi Şurasının üzvü Elşad Namazlı çıxış etmişlər.

Sonda bir qrup gəncə yeni üvlük vəsiqələri təqdim olunmuşdur.

Tədbir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Şəxsiyyət” filminin nümayişi ilə başa çatmışdır.

Keçidlər